AZ

Qaynını döyən şəxsə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zamiq Bədəlovun (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm elan edilib.


Hökmə əsasən, Zamiq Bədəlov cinayət məsuliyyətindən azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə başlanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib.


İttiham aktına görə, hadisə 8 avqust 2025-ci il tarixdə, saat 02 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində baş verib. Təqsirləndirilən Zamiq Bədəlov evinin yaxınlığında qaynı, zərərçəkmiş Malik Nəbizadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qaynının onu vurması olub. Mübahisə zamanı Zamiq əli ilə zərərçəkmişin çiyin, boyun, qol, kürək və sinə nahiyələrindən bir neçə dəfə zərbə yetirib. Nəticədə Malikin sağ çiyin və sol bazu oynağında ağrı, hərəkət məhdudluğu, sol kürək və sol bazu nahiyələrində qançır, boyun və sol bazu nahiyələrində sıyrıq, həmçinin döş qəfəsinin ön səthində əzilmiş yaralar aşkarlanıb. Bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi qiymətləndirilib.


Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxs hazırda Zamiq Bədəlovla barışdığını, dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələb irəli sürmədiyini bildirib.


Kamal Məmmədov 


Tarix: 8 Sentyabr 2025, 08:04   
Seçilən
43
pravda.az

1Mənbələr