AZ

Çinin valyuta ehtiyatları avqustda 0,91% artıb

Pekinin valyuta ehtiyatlarının həcmi 3 trilyon 322 milyard dollara çatıb

Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Valyuta Nəzarəti İdarəsi ölkənin valyuta ehtiyatları ilə bağlı hesabat açıqlayıb. Məlumata görə, avqustun sonunda ehtiyatların həcmi 3 trilyon 322 milyard ABŞ dolları təşkil edib ki, bu da iyulun sonu ilə müqayisədə 29,9 milyard dollar və ya 0,91% çoxdur.

Rəsmi açıqlamada artım valyuta məzənnələrindəki dəyişikliklər və aktivlərin qiymətlərində baş verən artımla izah olunub. Bildirilib ki, avqust ayında ABŞ dolları indeksində azalma müşahidə olunub, qlobal maliyyə aktivlərinin qiymətləri isə aparıcı ölkələrin makroiqtisadi göstəriciləri, pul-kredit siyasəti və gözləntiləri fonunda yüksəlib.

İdarənin açıqlamasında vurğulanıb ki, Çin iqtisadiyyatı yüksək davamlılıq və böyük potensiala sahibdir. Uzunmüddətli perspektivdə əlverişli şərtlər və əsas inkişaf meyilləri dəyişmədiyindən, bu amillər valyuta ehtiyatlarının sabit qalmasına şərait yaradır.

Xatırladaq ki, iyul ayında Çinin valyuta ehtiyatları iyuna nisbətən 25,2 milyard dollar (0,76%) azalaraq 3 trilyon 292,2 milyard dollara enmişdi.

Poliqon.info

Seçilən
55
poliqon.info

1Mənbələr