AZ

Xamenei danışdı və bütün müsəlmanları ona qoşulmağa çağırdı

Musavat.com xəbər verir ki, İranın ali lideri Ayətullah Seyyid Əli Xamenei son çıxışında ölkənin diplomatik xəttini bir daha sərtləşdirərək, bütün İslam dövlətlərini İsraillə siyasi və iqtisadi əlaqələri dayandırmağa çağırıb.

Ali liderin sözlərinə görə, “İran diplomatiyasının əsas istiqamətlərindən biri dövlətləri cinayətkar sionist rejimlə ticarət və siyasi əlaqələri kəsməyə sövq etmək olmalıdır”. O bildirib ki, Qəzzada davam edən müharibə və İsrailin törətdiyi “cinayətlər” qarşısında susmaq və əlaqələri davam etdirmək qəbulolunmazdır.

Xamenei daha əvvəl dəfələrlə bu mövzuya qayıdaraq, əlaqələrin tam kəsilməsinin ideal həll yolu olduğunu vurğulayıb. Lakin o, praktik səbəblərdən bunu edə bilməyən ölkələrin ən azı müvəqqəti dayandırma taktikasına müraciət etməli olduqlarını qeyd edib. 2023-cü ilin noyabrında Riyadda keçirilən İƏT və Ərəb Liqasının birgə zirvə toplantısında o, xüsusilə enerji və malların ixracı, diplomatik təmaslar sahəsində “məhdud müddətli kəsinti”nin də güclü mesaj olacağını söyləmişdi.

Ali lider bəzi müsəlman dövlətlərini – xüsusilə İsraillə normallaşma prosesinə daxil olan BƏƏ, Mərakeş, Misir və İordaniyanı – sərt tənqid edərək, onların mövqeyini “İslam aləminə xəyanət” kimi qiymətləndirib. Onun fikrincə, Qəzzada baş verənlərə qarşı real təzyiq yalnız əlaqələrin dayandırılması yolu ilə mümkündür.

Tehran üçün bu mövzu sırf ideoloji deyil, həm də geosiyasi çəkisi olan məsələdir. İran rəhbərliyi İsrailin bölgədəki mövqelərini zəiflətmək üçün diplomatik təzyiqi prioritet elan edib və bunu regional siyasətin ayrılmaz hissəsi kimi təqdim edir. Xamenei-nin son bəyanatı isə göstərir ki, İran diplomatiyası bundan sonra da əsas hədəfini sionist rejimin təcrid olunması üzərində quracaq.

Musavat.com

Seçilən
7
13
musavat.com

10Mənbələr