Qlobal “Sumud Flotilliyası” Qəzzaya doğru
Musavat.com xəbər verir ki, 40-dan çox ölkədən humanitar missiya çərçivəsində yola çıxan “Global Sumud Flotilla” adlı beynəlxalq dəniz karvanı Qəzzaya çatmaq üçün səfərini davam etdirir. Məqsəd – uzun müddətdir blokadada olan bölgəyə humanitar yardım çatdırmaqdır. Ancaq artıq yolda müşahidə olunan hadisələr missiyanın təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur.
Flotillanın təşkilatçıları və heyət üzvləri bəyan ediblər ki, gəmilərin üzərində naməlum dronlar uçub. Hadisə İspaniyanın Menorka adasından təxminən 90 dəniz mili aralıda baş verib. Al Jazeera-nın gəmidə olan müxbiri qeyd edib ki, gecə növbələri təşkil olunub və heyət üzvləri hava məkanını izləyir. Gəmi jurnallarında da bu fakt rəsmən qeydə alınıb.
İsrail mediası və beynəlxalq mənbələr yazır ki, dronların mənşəyi çox güman ki, İsrail ordusuna məxsusdur və bu, Qəzzaya doğru irəliləyən flotillaya təzyiq göstərmək, eyni zamanda güc nümayişi məqsədi daşıyır.
“Sumud Flotilliyası” 31 avqustda Barselonadan yola çıxıb. Gəmilərdə onlarla ölkədən insan haqları müdafiəçiləri, siyasətçilər və ictimai xadimlər var. Onların arasında İsveçin iqlim fəalı Greta Tunberq, Barselona şəhərinin sabiq meri Ada Colau, eləcə də tanınmış aktyor Liam Cunningham kimi şəxslər də yer alır.
Təşkilatçılar bildirirlər ki, məqsəd yalnız humanitar yardım çatdırmaq deyil, həm də Qəzza üçün beynəlxalq humanitar dəhliz açılmasına çağırış etməkdir.
Dronların müşahidəsindən sonra flotillanın təşkilatçıları İspaniya hökumətinə müraciət edərək diplomatik qorunma tələb ediblər. Onların arqumentinə görə, bu sülh missiyası beynəlxalq hüquqa əsaslanır və üzvlərin həyatına yönələn istənilən təhlükə hüquqi məsuliyyət doğurur.
Xatırladaq ki, son onilliklərdə Qəzzaya yardım aparan beynəlxalq flotillalara qarşı İsrail hərbçilərinin sərt müdaxilələri də olub. 2010-cu ildə baş verən “Mavi Mərmərə” hadisəsi hələ də beynəlxalq siyasi yaddaşda qalır. İndi isə “Sumud Flotilliyası”nın qarşısında oxşar risklərin dayandığı vurğulanır.
Hal-hazırda gəmilər Aralıq dənizində hərəkətini davam etdirir və sentyabrın ortalarında Qəzzaya çatması gözlənilir. Dronların üzərində uçması isə bu missiyanın təhlükəsizliyinə dair sualları gücləndirir və İsrailin potensial reaksiyası barədə beynəlxalq narahatlıqları artırır.
Musavat.com




