Sentyabrın 8-də Çinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) işə başlayacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin və Siamen şəhər hökumətinin ev sahibliyi ilə keçiriləcək sərgi ikitərəfli və çoxtərəfli investisiya əməkdaşlığının təşviqi və investisiya tendensiyaları üzrə müzakirələrin aparılması üçün ən önəmli beynəlxalq platformalardan hesab olunur. Üç gün davam edəcək sərgidə 120 ölkədən hökumət rəsmilərinin, 5 min şirkətin, 50 mindən çox iş adamının iştirakı gözlənilir.Sərgidə ölkəmizdən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.
Sərginin 120 min kvadratmetrlik ekspozisiya sahəsində “Invest in Azerbaijan” vahid ölkə stendi fəaliyyət göstərəcək.
Stenddə Azərbaycanın makroiqtisadi göstəriciləri, biznes mühiti, investisiya imkanları nümayiş olunacaq, habelə sənaye parkları, Ələt Azad İqtisadi Zonası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında investorlar üçün təklif olunan imtiyazlar, vergi və rüsum azadolmaları, ölkənin nəqliyyat-tranzit potensialı, turizm resursları, habelə SOCAR, SOFAZ, AZPROMO, KOBİA və 4SİM haqqında məlumatlar yer alacaq.
Sərgi çərçivəsində Azərbaycan-Çin ikitərəfli investisiya təşviqi tədbiri təşkil ediləcək. Bundan başqa, Çin rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşlər, eyni zamanda, əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulub.