Bu yay “Latsio”dan azad agent kimi ayrılmış mərkəz yarımmüdafiəçisi Jan-Daniel Akpa Apkro bundan sonra “Verona”da çıxış edəcək.
Arena.az xəbər verir ki, “Verona” 32 yaşlı futbolçunu heyətinə pulsuz qatıb. Tərəflər bir mövsümlük (2026-cı ilin 30 iyununadək) müqavilə bağlayıblar.
Jan-Daniel Akpa Akpro Fransanın “Tuluza” klubunun yetirməsidir. O, “Salernitana”da da oynadıqdan sonra 2020-ci ildə “Latsio”ya keçib. Paytaxt klubunun heyətində 55 oyun keçirmiş futbolçu burada 1 qol və 1 assistlə yadda qalıb.
Akpro “Latsio”da olarkən “Empoli” və “Montsa”ya icarəyə də verilib. O, son iki mövsümü məhz “Montsa”da keçirib.
Akpa 2014-cü ildə debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 17 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.
