BAKI, 7 sentyabr. TELEQRAF
ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, yaşlı insanlarda çəkinin tez-tez artıb-azalması (stabilliyin pozulması) yaddaş və digər idrak funksiyalarının daha sürətli zəifləməsinə gətirib çıxarır.
Teleqraf xəbər verir ki, araşdırma "Obesity" jurnalında dərc olunub.
2011–2021-ci illərdə aparılan tədqiqatda 4304 nəfərin çəkisi və psixi sağlamlığı izlənilib. Nəticələrə görə, 65 yaşdan yuxarı şəxslərdə çəkinin 5%-dən çox azalması və ya artması yaddaş və diqqət zəifliyini sürətləndirib. Çəkisi sabit qalanlarda isə bu proses minimal olub.
Alimlərin sözlərinə görə, həm arıqlama, həm də kökəlmə ilə müşahidə olunan dəyişkənlik beyin fəaliyyətinə mənfi təsir göstərir. "Artıq çəki qoruyucu amil deyil, əksinə kəskin dalğalanmalar yaşlı insanlara zərər verir", – deyə mütəxəssislər qeyd ediblər.