AZ

Koreyada yaşayan azərbaycanlı: Seriallara baxıb bura gələnlər çətinlik çəkirlər

VARŞAVA, 7 sentyabr. TELEQRAF

Cənubi Koreya qədim ənənələrlə müasirliyin ahəngdar şəkildə birləşdiyi ölkədir. Son illərdə Cənubi Koreya yalnız Asiya regionunda deyil, bütün dünyada mədəni təsiri artan, yaşamaq və təhsil almaq baxımından cazibədar ölkələrdən birinə çevrilib.

Bu maraqlı və rəngarəng ölkədə yaşayan azərbaycanlılar da az deyil. Onlardan biri də müsahibimiz Zeynəb Camalovadır.

Onun Koreyaya gedən yolunu, burada qarşılaşdığı çətinlikləri, fərqli mədəniyyətə uyğunlaşma təcrübələrini bir də onun dilindən oxuyaq.

"Teleqraf" İnformasiya Agentliyi Zeynəb Camalova ilə müsahibəni təqdim edir.

- Əvvəlcə özünüzlə bağlı məlumat verərdiniz.

- Mənim adım Zeynəbdir. Amma adımın tələffüzü koreyalılar üçün çətin olduğuna görə Ceni (제니) qısaltmasından istifadə edirəm. Burada hamı məni Ceni olaraq tanıyır. 31 yaşım var və artıq beş ildir ki, Koreyada yaşayıram. 2019-cu ildə Azərbaycanda koreyalı Eo İnkyu bəylə ailə həyatı qurmuşam. Bir il sonra, yəni 2020-ci ildə Koreyaya köçmüşəm. Bir qız övladımız var. Hazırda Koreyada bloger kimi fəaliyyət göstərirəm.

- Zeynəb xanım, həyat yoldaşınızla tanışlığınız necə olub? Heç düşünürdünüz ki, əcnəbi biri ilə ailə həyatı qurarsınız?

- Heç vaxt düşünməzdim ki, əcnəbi biri ilə ailə həyatı quraram. Hətta deyərdim ki, yatsam, yuxuma girməzdi… Məni tanıyanlar bilir ki, bu barədə düşünməmişəm. Həyat yoldaşımla isə müəllimimin sayəsində tanış olmuşam. Mən Azərbaycanda Koreya dilini öyrənirdim, həmin vaxtlarda da həyat yoldaşım ölkəmizə gəlmişdi. Atası Azərbaycanda işləyirdi, İnkyu da ölkəmizdə turizm sahəsində oxumaq istəyirdi. Koreyalı müəllimim dedi ki, Koreyadan qonağımız var və ona Azərbaycanı gəzdirmək, tanıtmaq lazımdır. Mən razılaşdım, çünki həm də dili təkmilləşdirmək üçün ünsiyyətə ehtiyacım var idi. Elə bizim tanışlığımız da buradan başladı. İlk olaraq İnkyunun məndən xoşu gəlmişdi, daha sonra mənim də ona qarşı sevgim, hörmətim yarandı. Bir-birimizi yaxşı tanıdıqdan sonra ailə həyatı qurmağa qərara gəldik.

- Sizin münasibətinizə ailələrin reaksiyası necə oldu, qarşı gəlmədilər?

- İlk vaxtlar ikimizin də ailəsi çox narahat idi. Həm məsafə çox idi, həm də mədəniyyətlərimiz fərqli idi. Valideynlərimiz düzgün qərar verməyimiz üçün çalışırdı. Amma etiraz etmədilər, sadəcə seçimi bizə buraxdılar ki, həyatımızı düzgün quraq. Bizim ciddi olduğumuzu gördükdən sonra heç bir etiraz etmədilər. Valideynlərim İnkyunu tanıyırdılar. Həmişə onun haqda müsbət düşüncədə olublar. Eləcə də onun ailəsi. Ailələr bir-birini tanıdıqdan sonra ortada artıq narahatlıq qalmadı. Sadəcə bizə dəstək olmaq barədə düşünürdülər.

- Toy adətləri necə, yerinə yetirildi? Hər iki ölkədə toy mərasimi oldu?

- Azərbaycanda biz öz adətlərimizə uyğun toy etdik. Amma təəssüf ki, Koreyada toyumuz baş tutmadı. Azərbaycanda toyumuz zamanı həyat yoldaşımın ailəsi bizim bütün adətləri yerinə yetirdi. Hətta xonçalara qədər diqqətlə düşünmüşdülər. Eyni zamanda bayramlıqları da. Koreyada toyumuz isə pandemiyaya görə olmadı. Biz Koreyaya gəldikdən bir neçə gün sonra yollar bağlandı, eyni zamanda mərasim keçirməyə icazə vermədilər. Koreya qanunlarına görə, sadəcə dörd nəfərin iştirakı ilə toya icazə verilirdi. Biz də qərara gəldik ki, ailə içərisində kiçik məclis keçirək.

- Azərbaycandan, ailədən uzaq Koreyaya yerləşmək sizin üçün çətin olmadı?

- Xeyr, çətin olmadı. Çünki əvvəlcədən buranın dilini, mədəniyyətini, hətta yeməklərini öyrənməyə başlamışdım. Sadəcə mənim üçün ən çətin gələn ailəmdən uzaqda olmağım idi. Sonradan yavaş-yavaş öyrəşməyə başladım. Buraya adaptasiya olmağıma İnkyu və ailəsi çox yardımçı oldu. Bilmədiklərimi çox anlayışla mənə başa salırdılar.

- Koreya dilini necə və nə vaxt öyrəndiniz? Ən çətin tərəfi nə idi?

- Koreya dilini 2018-ci ildən öyrənməyə başlamışam. Koreyada təhsil almaq üçün maraqlanırdım. Əvvəllər mənə çətin gəlsə də, indi ana dilim kimi istifadə edirəm.
Koreyaya ilk gələndə dil cəhətdən insanlarla ünsiyyət qurarkən çox çətinliyim olurdu. Çox yaxşı bilmədiyim üçün danışmağa utanırdım və onların danışığı sürətli gəlirdi. Amma altı aydan sonra demək olar ki, alışmışdım.

- Bəs indi Koreya cəmiyyətində bir azərbaycanlı qadın, ana kimi özünüzü psixoloji cəhətdən necə hiss edirsiniz?

- Burada bir qadın olaraq özümü çox rahat hiss edirəm. Çünki Koreyada hər kəs öz işi ilə məşğuldur. Sizi qadın və ya kişi olaraq ayırmırlar, bir insan kimi görürlər. Mən əvvəl bura gələndə insanların mənə necə davranacağı, nə deyəcəyi barədə narahat idim. Amma zaman keçdikcə gördüm ki, yanılmışam, onlar tərəfindən heç bir mənfi hərəkət görmədim. Ətrafımdakı insanlar belə, mənim işlərimə qarışmır, nəyəsə fikir bildirmir. Mən burada istədiyim işi görürəm, ona görə də çox rahatam.

- Heç mədəni şok yaşamısınız? Hansı hadisə sizi ən çox təəccübləndirmişdi?

- Mənə Koreyanın toyları və səhər yeməkləri təəccüblü gəlir. Məsələn, biz Azərbaycanda toya gedərkən çox hazırlaşırıq, qadınlar bəzənir, uzun müddət paltar seçir və s. Mən bura ilk dəfə gələndə toya dəvət almışdım. Koreyanın adətlərini bilmədiyim üçün öz toylarımızdakı kimi hazırlaşmışdım. Düzdü, yoldaşım mənə xəbərdarlıq etmişdi, amma mən onu dinləmədim. Koreya toy adətlərində belə bir fikir varmış ki, bir xanım məclisə gəlindən də göstərişli gəlirsə, özünü bəyəndirməyə çalışır. Mən isə həqiqətən çox bəzənmişdim, insanlar da mənə qəribə baxırdı. O zaman çox utanmışdım, indi toya gedərkən çox sadə olmağa çalışıram.
Bir də burada səhər yeməyi mədəniyyəti yoxdur. Onlar bizim günorta və ya axşam yediyimiz acı, turş yeməkləri səhər yeyə bilirlər. İlk vaxtlar gələndə mənə çox qəribə gəlmişdi. Amma mən yenə də Azərbaycan ənənələrini davam etdirirəm. Səhər mütləq Azərbaycan süfrəsi qurub elə yemək yeyirəm.

- Həyat yoldaşınızla mədəniyyət fərqləri arasında nə vaxtsa fikir ayrılığı yaşamısınız?

- Əslində çox fikir ayrılığı yaşamamışıq. Bacardığımız qədər adət-ənənələrimizə hörmətlə yanaşırıq. Biz əvvəlcədən qərar vermişdik ki, hansı ölkədə olsaq, o ölkənin mədəniyyətinə uyğun hərəkət edəcəyik. Biz toy, nişan mərasimlərində də bunu göstərdik. Yoldaşım bizim ənənələrə çox hörmətlə yanaşır, eləcə də mən.

- İnkyu bəy Azərbaycan dilini bilir?

- İnkyu Azərbaycanda yaşadığı dövrdə dilimizi öyrənib, hətta yaxşı danışa bilir. Evdə də bəzən Azərbsycan dilində danışırıq, bəzi sözləri yaddan çıxarır, məndən soruşur. Bizim mahnıları, filmləri, yeməkləri çox sevir. Bəzən evdə Azərbaycan mahnılarını zümzümə edir.

- Koreyalı ailəniz Azərbaycan yeməklərini xoşlayır, orada onlar üçün hazırlayırsınızmı?

- Koreya və Azərbaycan mətbəxi çox fərqli olsa da, onlar bizim yeməkləri çox xoşlayırlar. Ən sevdikləri yeməyimiz düşbərə və dolmadır. Evimizdə həm Koreya, həm Azərbaycan mətbəxindən təamlar bişir.

- Ən sevdiyiniz Koreya ənənəsi hansıdır və onu ailənizdə necə yaşadırsınız?

- Koreyanın sevdiyim adətlərindən biri bayramlarda ailələrin baba-nənə evinə toplanmasıdır. Böyüklər balacalara hədiyyələr verir, eyni zamanda vəfat edənləri də yad edirlər. Biz də ailəmizdə bu adəti davam etdiririk. Düşünürəm ki, illər sonra bu adətləri mən də yaşadacam.

- Orada bəs yediyiniz ən qəribə yemək nə olub?

- Koreyada mənə qəribə gələn ən qəribə yemək dəniz anası olub. Bişmiş şəkildə yeyirəm, amma koreyalıların çoxu onu çiy halda, doğrayıb yeyirlər. Heç vaxt onu yeməmişəm, yemərəm də… Qalan yeməklər ağız dadıma uyğun gəlir. Amma onların yeməkləri bizimkilərdən fərqlidir, yağsız və duzsuz olur.

- Dinlə bağlı vəziyyət necədir? Ailənizdə dini baxımdan hər hansı çətinlik yaşadığınız vəziyyət olub?

- Dinlə bağlı problemimiz olmayıb. Hər kəs ailədə bir-birinin dininə hörmət edir.

- İstərdiniz ki, uşağınız Azərbaycanı daha yaxından tanısın və orada da yaşasın? Övladınıza öz dilimizdə öyrətməyi düşünürsünüzmü?

- Təbii ki, istəyərdim. Gələcəkdə övladım hansı ölkədə yaşamaq istəsə, ona dəstək olacağıq. Amma yoldaşımla belə qərara gəlmişik ki, övladımız hər iki ölkənin dilini, mədəniyyətini bilsin. Bu, onun üçün məcburdur. İndi də övladımızla iki dildə danışırıq. Mənimlə Azərbaycan dilində, atası ilə Koreya dilində ünsiyyət quracaq. Amma gələcəkdə Koreyada yaşamaq istəsə belə, Azərbaycan tarixini, mədəniyyətini biləcək.

- Koreyada iş saatları və iş mədəniyyəti haqqında düşüncəniz nədir? Koreyalıların “iş üçün yaşamaq” yanaşması doğrudurmu?

- Koreyada yaşayan digər xaricilərə görə buradakı iş strukturu fərqli ola bilər. Amma mən öz təcrübəmdən danışacam. Hazırda analıq məzuniyyətindəyəm, amma işlədiyim vaxtda iş saatları və digər şeylər mənim üçün uyğun idi. İndiyə qədər iş saatı və ya maaşla bağlı problem yaşamamışam. Burada koreyalılar tərəfindən hər hansı məhdudiyyətlərlə də qarşılaşmamışam. Hətta problemim sadəcə şirkətdə işləyən digər xaricilərlə olub. Amma koreyalılar həqiqətən çox işləyirlər. Çünki bu, onların mədəniyyətlərindən irəli gəlir. Onlar istirahətdən daha çox işə vaxt ayırırlar. Hər bir işləyən koreyalı qarşısına məqsəd qoyur ki, ev, maşın alsın. Bu kimi ehtiyaclarını qarşıladıqdan sonra istirahətə çıxırlar.

- Cəmiyyətin gözləntiləri, xarici görünüş təzyiqi və rəqabəti necədir? Koreyada gözəlliyə çox önəm verilir?

- Bura gəlmədən öncə fikirləşirdim ki, gözəl olmasan, Koreyada yaşaya bilməzsən. Burada yaşayan xaricilər ölkəni elə qələmə verirdilər. Amma bu, belə deyil. Əlbəttə ki, müəyyən qədər hər bir ölkədə gözəllik anlayışı var. Məsələn, burada da müəyyən sahələrdə çalışanlardan gözəllik standartlarını tələb edirlər. Bu da hər ölkədə olduğu kimi, televiziya, reklam və sair sahələrdir. Amma bura gələndən sonra anladım ki, koreyalılar əsas insanın biliyinə önəm verirlər. Biliyin varsa, hər sahədə uğur qazana bilərsən.

- K-Pop Koreya cəmiyyətinə necə təsir edir? Sizcə, K-Pop sənayesindəki çətinliklər və qaranlıq tərəflər - psixoloji təzyiq, sənaye istismarı və sair doğrudurmu?

- K-Pop Koreya cəmiyyətinə çox təsir edir. Hətta deyərdim ki, Koreyanın ana damarıdır. Hazırda buna görə bütün dünyadan Koreyaya axın var. Gənclərin sevdiyi musiqi növüdür, amma müəyyən qədər çətin tərəfləri də var. Belə ki, idollara tətbiq olunan sərt qaydalar var. Məsələn, standart çəkidə qalmaları, özəl həyata məhdudiyyətlər, anti-fanlar və digərləri k-popun çətin tərəfləridir. Hətta bəzi fanlar sevmədiyi idollara qarşı təhlükəli işlər də görə bilirlər.

- Şimali Koreya ilə bağlı xəbərlər gündəlik həyata təsir edir? İnsanlar bu məsələni ciddi qəbul edirlər, yoxsa artıq adi bir şey sayılır?

- Şimali Koreya ilə bağlı xəbərlər demək olar ki, insanların gündəlik həyatına təsir etmir. İnsanlar belə xəbərləri hətta deyərdim ki, ciddiyə almırlar. Hətta bu, mənə əvvəl gələndə çox qəribə gəlirdi. Bəzən Şimali Koreya ilə bağlı xəbərlər verilirdi, amma insanlar maraqlanmırdılar. Artıq əhali belə xəbərlərə öyrəşib.

- Koreya seriallarında gördüyümüz həyat gerçəyi əks etdirirmi? Hansı cəhətləri çox idealizə olunub?

- Koreyadakı həyat seriallarda olduğu kimi deyil. Həmişə gənclərə deyirəm ki, seriallara baxaraq Koreyaya gəlməyin. Seriallarda Koreya tamamilə fərqli, gözəl olaraq göstərilir. Hətta koreyalılar özləri seriallara baxanda deyirlər ki, göstərilən bizim ölkədirmi? Təhlükəsizdir, amma iş, təhsil cəhətdən çox disiplinli ölkədir. Koreyaya gələn tələbələr düşünürlər ki, seriallardakı kimi həyat yaşayacaqlar. Amma real təhsil sistemi ilə qarşılaşanda çətinliklərlə üzləşirlər. Hətta bəziləri təhsillərini yarımçıq qoymağa məcbur olurlar. Çünki burada təhsil sistemi çox çətindir.
Ona görə də deyərdim ki, Koreya yaxşı ölkədir, amma seriallardakı kimi deyil.

- “Squid Game” sizcə, sadəcə bir şou idi, yoxsa Koreya cəmiyyətinə açıq bir tənqid idi?

- Şou olduğunu düşünürəm. Koreya orada təsvir olunan kimi ölkə deyil. İnsanların marağını cəlb etmək üçün yaxşı ssenari qurulub. Düşünürəm ki, uğurlu da alınıb.

- Koreyada hava kirliliyi gündəlik həyatınıza necə təsir edir? Maska taxmaq adi haldırmı?

- Koreyada hava kirliliyi hər zaman olmur. Olan vaxtı telefonlarımıza bildirişlər göndərilir. O zaman biz maskalardan istifadə edirik. Amma həqiqətən bir saatdan artıq kirli havada qalsaq, ciyərlərimizdə müəyyən problemlər yarana bilər. Ona görə də çalışırıq ki, belə günlərdə açıq havada çox qalmayaq. İşlərimizə isə hər hansı maneə yaratmıeər.

- Sosial inteqrasiya nə qədər asandır? Koreyada dost tapmaq çətin, yoxsa asandır?

- Koreyada dost tapmaq insanın özündən asılıdır. Burada insanlar daha çox səmimiyyətə önəm verirlər. Məsələn, bir koreyalının yanında başqa adam haqqında nəyisə danışsanız, onlar sizi yaxınına buraxmazlar. Bu kimi halları qəbul etmirlər. Amma mənə görə burada dost tapmaq asandır və çox yaxşı dostlarım var.

- Kirayə, yemək, nəqliyyat kimi xərclər Azərbaycanla müqayisədə necədir?

- Koreyada kirayə qiymətləri həddindən artıq bahadır. Burada kirayə evlər də müəyyən qruplara bölünür. Bəzi kiraya evlər üçün hətta iki illik müqavilə bağlanılır. Burada kirayə evlərin qiynətindən təkcə xaricilər deyil, yerli əhali də narazıdır. Gənclərin çoxunun evlənməməyinin, uşaq istəməməyinin səbəbi kirayə evlərin qiymətidir. Ona görə də ciddi etirazlar edilir. Amma nəqliyyat və s digər xərclər aylıq maaşlara görə o qədər də baha deyil.

Seçilən
3
teleqraf.com

1Mənbələr