Azertag saytına istinadən ain.az xəbər verir.
Ankara, 7 sentyabr, AZƏRTAC
2023-cü ilin fevralında baş vermiş zəlzələlər nəticəsində evlərini itirmiş Türkiyə vətəndaşlarının əksəriyyəti artıq yeni mənzillərin açarlarını alıb. Bütövlükdə təbii fəlakət zonasında 300 min yaşayış və ticarət obyekti istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində 9 mindən çox yeni mənzil və kommersiya obyektinin sahiblərinə təqdim edilməsi mərasimində bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər təbii fəlakət zonasındakı 11 əyalətdə tikilən obyektlərin sayı 453 minə çatacaq.
O, 2023-cü ilin fevralında başvermiş zəlzələlərin 53 min 737 qurbanının ailələrinə və yaxınlarına başsağlığı verib və əmin edib ki, təbii fəlakət zonasında bütün yeni evlər və obyektlər ciddi seysmik davamlılıq tələbləri nəzərə alınmaqla tikilir. “Bu gün evlərini itirmiş təbii fəlakət zonasının hər üç sakinindən ikisi artıq yeni mənzillərinin açarlarını alıb. Bərpa işləri zərərçəkmiş sonuncu vətəndaşımız mənzillə təmin olunana qədər davam etdiriləcək”, - deyə dövlət başçısı bildirib.
Türkiyə Prezidenti terrorla mübarizə mövzusuna da toxunub. “Ankara hadisələrin istənilən inkişafına hazırdır. Biz “Terrorsuz Türkiyə” prosesində qarşıya qoyulan məqsədlərə çatmaqda qərarlıyıq. Terrorçuların himayədarları istədiklərinə nail olmayacaqlar”, - deyə o vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.