Stokholm, 7 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçdə bu il rekord turizm artımı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, “Visit Sweden” turizm şirkətinin məlumatına görə, ötən illə müqayisədə xarici mehmanxana yerləşdirmələrinin sayı 7 faizdən çox artıb.
Əvvəllər isveçlilər kütləvi şəkildə Cənubi Avropadakı çarter kurortlarına üz tuturdularsa, indi geriyə axın getdikcə artır – xaricilər İsveçə gəlirlər. Ən çox turist hələ də qonşu Danimarka və Norveçdən, eləcə də Almaniyadan gəlir, lakin artım ABŞ, Fransa, İtaliya və İspaniyadan xüsusilə nəzərə çarpır.
Norrbotten bölgəsi xarici mehmanxana yerləşdirmələri baxımından lider olub. Təkcə fransız turistlər iyul ayında iştiraklarını 41 faiz artırıblar. Pite Havsbad kimi böyük turizm obyektləri gündə 10 minə qədər rekord sayda ziyarətçinin olduğunu bildirir.
Ekspertlər bu tendensiyanın həm Avropadan gələn çarter proqramları, həm də “coolcation” - sərin iqlimi olan ölkələrdə istirahətə olan maraq ilə əlaqələndirirlər. Turistləri təbiət, səssizlik, mədəni dəyərlər və İsveçin həyat tərzi cəlb edir.
“Visit Sweden” şirkətinin baş direktoru Süzann Anderssonun sözlərinə görə, turizm təkcə ölkənin müsbət imicini yaratmır, həm də sərmayələri təşviq edir. Eyni zamanda hotel çarpayılarının orta hesabla 40 faizi hələ də boşdur.