Rumıniya yığmasına rəhbərlik edən Mirça Luçesku futbol tarixində milli komandanı meydana çıxarmış ən yaşlı baş məşqçi olub.
Arena.az xəbər verir ki, bu, ötən gün paytaxt Buxarestdə keçirilən Kanada ilə yoldaşlıq matçında qeydə alınıb.
Oyun zamanı məşqçi 80 yaş 1 ay və 7 günlüyündə olub. Beləliklə, Luçesku millidə çalışan ən yaşlı baş məşqçi ünvanına sahib çıxıb. Əvvəlki rekord uruqvaylı Roke Maspoliyə məxsus idi. O, 1997-ci ildə Uruqvay millisini çalışdırarkən 80 yaş 1 ay və 4 günlüyündə olub.
Xatırladaq ki, Rumıniya – Kanada görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Luçesku 2024-cü ilin avqustunda Runıniya yığması ilə 2 illik – müddəti 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Mirça Luçesku daha öncə də Rumıniya yığmasına rəhbərlik edib. Rumıniyalı çalışdırıcı 1981-1986-cı illər aralığında ölkəsinin millisinin baş məşqçi vəzifəsində işləyib.
2023-cü ilin noyabr ayında Luçesku Kiyev “Dinamo”sundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı. Lakin qısa istirahətdən sonra təcrübəli mütəxəssis sevimli işinə davam etmək qərarına gəlmişdi.
Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu da uğurla çalışdırıb.
Rumın mütəxəssis zəngin məşqçilik karyerası ərzində Türkiyə milli komandasına da rəhbərlik edib. O, Buxarest “Dinamo”sunu, “Piza”nı, “Breşiya”nı, “Recina”nı, Buxarest “Rapid”ini, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı da çalışdırıb.