Türkiyə Suriyanın Dəməşq və Hələb şəhərlərində iki məktəb açmağı planlaşdırır və Suriya məktəb dərsliklərində Türkiyə əleyhinə bəyanatların silinməsi gözlənilir.
Redaktor.az bu barədə 'Türkiyənin ''Habertürk'' telekanalına istinadən xəbər verir.
"İlk növbədə Türkiyə və Suriya rəsmiləri Suriya məktəb dərsliklərindəki (Suriyanın keçmiş prezidenti) Bəşər Əsədin dövründən qalan Türkiyə əleyhinə mənfi ifadələri aradan qaldıracaq. Tarix və coğrafiya dərsliklərinə xüsusi diqqət yetiriləcək, yeni məktəb kurikulumu hazırlanacaq", - məlumatda bildirilir.
Qeyd olunur ki, Türkiyədən vətənə qayıdan və ərəb dilini zəif bilən suriyalı uşaqların tədrisinə türkiyəli müəllimlər cəlb olunacaq. Onlar üçün yeni təhsil mərkəzləri, ilk növbədə, yeni qayıdan uşaqların faizinin yüksək olduğu regionlarda yaradılacaq.
Hələb və Dəməşqdə iki türk məktəbinin açılması planlaşdırılır. Suriyalı müəllimlər həm Türkiyədə, həm də Suriyada təlim keçəcəklər. Təhsil naziri Yusuf Tekin Dəməşqə son səfəri zamanı bu layihənin yol xəritəsini müəyyənləşdirib.
Aminə Şahsuvarqızı