AZ

Milli faciə, vicdan azlığı və qaranlıq gələcək

Millinin növbəti faciəsi İslandiyada yaşandı.

Fernandu Santuşun çalışdırdığı Azərbaycan millisi 0:5 hesablı darmadağınla üzləşdi.

Uduzmaq ayıb deyil, amma belə məğlubiyyət biabırçılıqdır.

Rəqib nə Almaniya idi, nə də İspaniya.

Heç biz də San Marino, Cəbəllütariq deyilik.

Amma İslandiya bizimlə Almaniyanın Cəbəllütariqlə davrandığı kimi davrandı.

Buraxılan üçüncü qolda rəqib təkcə baxımlı hücum qurmadı, həm də sözün bütün mənalarında məzələndilər/təhqir etdilər.

Meydandandakı milli, ona cavabdeh olan hər kəslə.

Bəs günahkar(lar) kim(lər)dir?

Nə Santuşu tənqid edin, nə də futbolçuları.

Onlar ən axırıncı sırada duran günahkarlardır.

İllərdi ilk qurban verilən günahkarlar.

Bu dəfə tək günahkar AFFA yox, həm də federasiyanın yanlış qərarlarına zəlzələdən ya vəlvələdən cəpik çalan futbol ictimaiyyətidir.

Nə qədər ki, ölkənin milyonları düzgün istiqamətdə xərclənməyəcək, millimiz də bu cür/bundan da betər əzilməyə davam edəcək.

Düzgün istiqamət haradır?

O yol ölkənin dörd bir yanında futbol akademiyalarının açılmasından başlayır.

Azərbaycan futbolunun inkişafı üçün bu sahədə olan hər kəsin əlini vicdanına qoyub, dürüst işləməsi birinci şərtdir.

Əcnəbilərə axıtdığınız pulun krantını çevirin azərbaycanlı balaların inkişafına.

İnfrastruktur qurun, məşqçilərə normal maaşlar verin, ölkə xaricində təlimlərə göndərin.

Məşqlərə Messinin, Ronaldonun formasında gələn uşaqlara normal idman dəsti verin.

Normal qidalanması, taktiki-texniki, fiziki inkişafı üçün sanballı mütəxəssislər cəlb edin.

Bəsdirin 5-ci sort əcnəbilərlə Azərbaycan Çempionatında "yaxşı oğlan" görsənib, avrokuboklarda əzildiyiniz.

Əl çəkin cılız hədəflərdən, böyüyün bir az. Çox yox, azca...

Azərbaycanlı balaların qarşısında özünüzü vicdanla aparın, onlara vicdanla qulluq edin. Öz balalarınız kimi.

Heç olmasa 10 ildən sonra böyüyəcək bugünkü uşaqların oyunlarına vicdanınız sızlamadan baxa bilməyiniz üçün.

Əks halda bunda betər qaranlıq gələcək bizi gözləyir.

XANOĞLAN İMANOV

Seçilən
60
sportinfo.az

1Mənbələr