Braziliya yığmasının sabiq üzvü, bu yay İngiltərənin “Fulhem” klubundan azad agent kimi ayrılmış Villian özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 37 yaşlı vinger Braziliyanın “Qremio” klubu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidmətindən bildirilib. Təcrübəli futbolçu yeni klubu ilə 2026-cı ilin 31 dekabrına qədər anlaşıb.
Villian “Korintians”ın məzunudur, böyük futbolda debütə qədər “Mauaense”də də icarədə oynayıb, ardınca “Korintians”la böyük futbol səhnəsində debüt edib.
Karyerası ərzində Villian Donetsk “Şaxtyor”u, Mahaçqala “Anji”si, “Çelsi”, “Arsenal” və Pirey “Olimpiakos”unda oynayıb.
“Fulhem”də Villian 2022-2024-cü illərdə çıxış edib, 2025-ci ilin fevral ayında isə yenidən “bağçılar”ın düşərgəsinə qayıdıb – “Olimpiakos”dan ayrılaraq, azad agent qismində. Braziliyalı futbolçunun London təmsilçisi ilə müaviləsinin müddəti 2025-ci ilin iyun ayına qədər idi.
Villian “Fulhem”in heyətində bütövlükdə 79 oyuna çıxıb, 10 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Villian 2011-ci ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 70 oyun keçirib, 9 qol vurub, 15 məhsuldar ötürmə verib.
Villianın qənimətlər muzeyində “Şaxtyor”la Ukrayna çempionluğu (5 dəfə), Ukrayna Kuboku (4 dəfə), Ukrayna Super Kuboku (2 dəfə), UEFA Kuboku; “Çelsi” ilə İngiltərə çempionluğu (2 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, Avropa Liqası; “Olimpiakos”la Yunanıstan çempionluğu var. Həmçinin Villian Braziliya millisi ilə Amerika Kubokunun (2019) qalibi olub.
Villian eləcə də çoxsaylı fərdi mükafatlara layiq görülüb.
“Transfermarkrt” internet-portalı 37 yaşlı veteran hücumçunun transfer dəyərini 750 min avro məbləğində qiymətləndirir.