AZ

Azərbaycanda “kölgələnən” iqtisadiyyat: Görün nə qədər vəsait gizlədilir

Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı 7,7 faiz təşkil edir. Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimovun sözlərinə görə, bunun 1,8 faizi kölgə iqtisadiyyatının payına düşür: “İlk baxışda bu rəqəm kiçik görünə bilər, lakin bu, 3,2 milyard manatlıq məhsul və xidmətin statistikadan kənarda qalması, 2,2 milyard manatlıq əlavə dəyərin isə uçotdan gizlədilməsi deməkdir”.

Maraqlıdır, ölkə iqtisadiyyatında “görünməyən” fəaliyyətlər əsasən hansı sahələrdə cəmləşir? Kölgə iqtisadiyyatı daha çox harada “kölgələnir”?

Bəzi sahibkarlar “ağarmaq” istəmirlər

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirir ki, bəzi sahibkarlar fəaliyyətlərini “ağartmaqda” maraqlı deyillər: “Biz bunu daha çox ticarət və xidmət sektorunda müşahidə edirik. Məsələn, iri ticarət mərkəzləri kölgə iqtisadiyyatının geniş yayıldığı yerlərdən biridir. Regionlarda yerləşən bəzi istehsal müəssisələri də vergidən yayınır. Belə istehsal müəssisələri adətən zirzəmilərdə, gözdən uzaq məkanlarda fəaliyyət göstərirlər. Bəzi müəssisələr isə gəlirlərinin yalnız müəyyən bir hissəsini açıqlayır, digər hissəsini gizlədirlər. Demək olar ki, bütün sahələrdə kölgə iqtisadiyyatına rast gəlinir. Dövlət qurumları da çalışırlar ki, həmin sahələr “ağardılsın”.

Ekspertin sözlərinə görə, iqtisadiyyatın tamamilə ağardılması qeyri-mümkündür. Amma “görünməyən” fəaliyyətlərin həcmini ciddi səviyyədə azaltmaq olar: “Bunun üçün vergi nəzarəti mütəmadi olaraq həyata keçirilməlidir. Eyni zamanda, stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır ki, kölgədə olan sahibkarlar fəaliyyətlərini ağartmaqda maraqlı olsunlar. Hazırda sahibkarların gəlirlərini gizlətmə səbəblərindən biri alışlarla bağlıdır. Onlar çox vaxt alışları həyata keçirərkən məcbur olurlar ki, bəziləri qeyri-rəsmi olsun. Bu istiqamətdə nəzarətin gücləndirilməsi vacibdir. İkinci məsələ, çox vaxt sosial ödəmələrin həcmi yüksək olduğundan sahibkarlar rəsmi müqavilə ilə işçi götürməkdə maraqlı olmurlar. Bu məsələyə diferensial şəkildə baxılmasına ehtiyac var”.

“Nümunəvi vergi ödəyicilərinin reytinqi hazırlansın”

Ekspert həmçinin vurğulayır ki, sahibkarların “kölgə”dən çıxarılması istiqamətində sistemli iş aparılmalıdır: “Yaxşı olar ki, nümunəvi sahibkarlıq subyektlərinin reytinqi müəyyənləşdirilsin və cəmiyyətə elan olunsun. Kölgə iqtisadiyyatında mövcud olan sahibkarların “kölgə”dən çıxarılması istiqamətində iş aparılmalıdır. Yəni onlar mövcud istehsal avadanlıqlarını və sexlərini “ağartmaqda” çətinlik çəkirlərsə, burada da bir inam, dəstək formalaşdırmaq lazımdır. Düşünürəm ki, onlarla fərdi görüşlər keçirmək, problemlərinə yaxından bələd olmaq lazımdır”.

İri ticarət mərkəzlərində sənədsiz mal dövriyyəsi

Vergi məsələləri üzrə ekspert Anar Bayramov deyir ki, son illər kommersiya obyektlərinin dövriyyəsinin şəffaflaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib: “Amma bu, bəzi sahibkarlara sərf etmir. Onlar müxtəlif yollarla vergidən yayınmağa cəhd göstərirlər. Bu gün karqo şirkətləri iqtisadiyyatın “kölgələnməsində” müəyyən rola malikdir. Xaricdən gətirilən mallar onların adına çox cüzi məbləğlə rəsmiləşdirilir. Yəni, faktiki olaraq malın mülkiyyətçisi, idxalatçısı başqa şəxslərdir, lakin həmin şəxslər rəsmi qaydada fəaliyyət göstərmirlər”.

Seçilən
13
10
publika.az

10Mənbələr