AZ

Fernando Santos: “Axı mən niyə istefa verməliyəm?”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, bu gün yeni seçmə mərhələdə ilk oyununa çıxmış milli komandamız Reykyavikdə 0:5 hesablı məğlubiyyətə üzülüb.

Fernando Santos matçdan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib:

“Birinci hissədə yaxşı müdafiə olunduq. Müdafiə olunaraq, əks-hücumlara keçməyə çalışırdıq. Rəqib daha çox topa sahib olduğu üçün çətinlik yaranırdı. Birinci hissənin sonunda künc zərbəsindən qol buraxdıq. Fasilədə oyunçulara sakit olmağı tapşırmışdım. Buraxılan ikinci qoldan sonra komandamız ruhdan düşdü”.

Fernando Santos mümkün istefası ilə bağlı çoxsaylı sualları isə bu sözlərlə cavablandırıb:

“Karyeramda heç vaxt istefa verməmişəm. AFFA ilə də mövcud müqaviləm var. Ona uyğun iş görürəm. İstəyirəm ki, əlimdən gələni edim. Qolu ilk hissənin sonunda buraxdıq. Çalışdım ki, taktikanı dəyişim, 4-3-3-ə keçim. Amma futbolçular ruhdan düşmüşdülər. Bu, tək mənim günahım deyil, hamının məsuliyyətidir. İstefaya gəlincə, bu, AFFA-nın qərarıdır. İstəsələr danışarıq, həll edərik. Demirəm ki, bu gün yaxşı oynadıq. Mən və futbolçular birlikdə məsuliyyət daşıyırıq. Hamımız cəzalandırılmalıyıq, tək mən yox. Futbolda ən asan iş baş məşqçini cəzalandırmaqdır”.

Xatırladaq ki, millimiz növbəti matçını sentyabrın 9-da evdə Ukrayna yığmasına qarşı keçirəcək.

İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson da matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb:

“Azərbaycanla matçda yalnız qələbə barədə düşünürdük. Yaxşı oyun sayəsində qalib gəldik. Komandamın oyunundan çox razı qaldım. Hesaba baxmayaraq, bu işi görmək kifayət qədər zəhmət tələb etdi”.

Seçilən
11
arena.az

1Mənbələr