Mərakeş millisinin hücumçusu Hakim Ziyeş İspaniyada çıxış edə bilər.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, 31 yaşlı futbolçu "Sevilya"nın transfer hədəfləri arasındadır. Lakin maliyyə çətinlikləri səbəbindən bu keçidin qış pəncərəsində baş tutub-tutmayacağı hələlik sual altındadır.
Məlumatda bildirilir ki, "Sevilya" öncə qapıçı Alvaro Fernandeslə yolları ayıraraq maaş büdcəsini yüngülləşdirməlidir.
Bununla yanaşı, Ziyeşin xidmətində İtaliyanın "Fiorentina" klubu da maraqlıdır.
Hazırda azad agent statusunda olan vinger ötən mövsümü iki fərqli klubda keçirib. O, əvvəlcə Türkiyənin "Qalatasaray"ında, daha sonra isə Qətərin "Əl-Duhail"ində forma geyinib. Ümumilikdə 24 matçda iştirak edən Ziyeş 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.