AZ

Dilan Sarate və Xristos Aleksiu daha 4 il “İnter”də!

İtaliyanın “İnter” klubu gənc oyunçularından ikisi – Dilan Sarate və Xristos Aleksiu ilə müqavilələrin müddətini uzadıb.

Arena.az bu barədə Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, müdafiəçi Xristos Aleksiu və yarımmüdafiəçi Dilan Sarate uzunmüddətli anlaşmaya qol çəkiblər. Hər iki futbolçunun yeni müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Onlar hazırda bu klubun gənclər komandasında çıxış edirlər.

Həm Kolumbiya, həm də İspaniya vətəndaşlığına malik Dilan Sarate İspaniyanın “Jirona” klubunun yetirməsidir. 18 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ildən “İnter”də forma geyinir.

Xristos Aleksiu isə “Atromitos”un yetirməsidir. Yunanıstandan olan 20 yaşlı mərkəz müdafiəçisi 2021-ci ildən “İnter”in sıralarındadır. O, Yunanıstanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

Xatırladaq ki, “İnter” A Seriyasının yeni mövsümünə bir qələbə və bir məğlubiyyətlə başlayıb. İki turdan sonra komanda 3 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Milanlılar növbəti oyunda səfərdə “Yuventus”la qarşılaşacaqlar.

Seçilən
70
arena.az

1Mənbələr