Bakı, 5 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC
AZƏRTAC Almaniyanın “Rhenus Logistics” şirkətinin nəqliyyat və logistika üzrə eksperti, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində (EECCA) layihə rəhbəri Aleksandra Oqneva ilə müsahibəni təqdim edir.
– Aleksandra, zəhmət olmasa, Şərqi Avropa və Qafqazda logistika sahəsindəki iş təcrübənizdən danışın. Son illərdə logistika bazarında hansı dəyişikliklər baş verib və bu prosesdə Azərbaycanın rolu nədən ibarətdir?
– Son illərdə Şərqi Avropa və Qafqazda logistika sahəsi ciddi dəyişikliklərə məruz qalıb. Belə ki, infrastrukturyönümlü yanaşmadan həll yönümlü yanaşmaya, inteqrasiya, rəqəmsallaşma və dayanıqlığa əsaslanan formata keçid baş verib. Mənim Mərkəzi Asiya və Qafqazda “Rhenus” layihələri üzərində işləməyə başladığım 2022-ci ilin sonundan bu sahə həlledici mərhələyə qədəm qoyub. TransXəzər dəhlizi artıq təkcə tranzit marşrutu deyil, o Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropanı birləşdirən vasitəyə çevrilib. Azərbaycan isə strateji mövqeyinə görə region üçün həm tranzit qovşağı, həm də logistika koordinatoru qismində əsas rol oynayır.
– Azərbaycan tarixi İpək Yolu üzərində mühüm nəqliyyat qovşağıdır. Ölkənin multimodal logistika zəncirlərinin inkişaf potensialını necə qiymətləndirirsiniz və bu istiqamətdə “Rhenus Logistics” hansı layihələri həyata keçirir?
- Azərbaycan artıq qüsursuz multimodal marşrutlar yarada biləcəyini sübut edib. Məsələn, Bakıya daxil olan yüklər qısa vaxtda dəmir yolu ilə Gürcüstana, ordan isə Qara dənizə və ya Türkiyəyə daşına bilər ki, bu da şimal marşrutları ilə müqayisədə xeyli vaxt qazandırır. Ötən il Bakıda fəaliyyətimizi hüquqi şəxs qismində rəsmiləşdirdik və bununla da Azərbaycandakı mövqeyimizi daha da gücləndirdik. Hazırda ölkənin müxtəlif bölgələrində bir sıra layihələri nəzərdən keçiririk və sözsüz ki, əlverişli şərait olduğu halda investisiya qoymağa tam hazırıq. Bu məqsədlə potensial tərəfdaşlarla və dövlət qurumları ilə sıx təmasdayıq.
– “Rhenus Logistics” logistika sahəsində innovativ həlləri fəal tətbiq edir. Azərbaycandan keçən nəqliyyat marşrutlarının təkmilləşdirilməsi üçün hansı texnologiya və yanaşmaları xüsusilə perspektivli hesab edirsiniz?
– Ən perspektivli istiqamətlərdən biri dəhlizlərin rəqəmsal idarəetmə sistemləridir. Gömrük orqanlarını, limanları və dəmir yolu operatorlarını vahid rəqəmsal platformada birləşdirərək tıxacların qarşısını almaq və real vaxtda şəffaflığı təmin etmək mümkündür. Hesab edirik ki, bizim yüksək səmərəli yükaşırma komplekslərinin yaradılması və idarə edilməsində geniş təcrübəmiz var ki, bu da Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edə bilər. Zəruri proqram təminatını özümüz hazırlamışıq. Bu, həm yüklərin keçid vaxtını, həm də xərcləri azaldır, TransXəzər dəhlizini alternativ marşrutlarla rəqabətədavamlı edir. TransXəzər marşrutu üzrə çatdırılma müddətlərinin etibarlı və sabit olması, təklif edilən tariflərin isə rəqabətqabiliyyətli qalması olduqca vacibdir.
– COVID-19 pandemiyası Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) ölkələrində logistika sektoruna necə təsir etdi? Bu təcrübədən xüsusən də Azərbaycanla bağlı hansı nəticələr çıxarmaq olar?
– Pandemiya ayrı-ayrı marşrutlardan və sərt təchizat zəncirlərindən asılılığın risklərini üzə çıxardı. Sərhədlərin bağlanması və tıxacların yaranması şirkətləri nəqliyyat dəhlizlərini diversifikasiya etməyə məcbur etdi. Nəticədə Azərbaycanın Orta Dəhliz layihəsi hər zamankından daha aktual oldu və tamhüquqlu alternativə çevrildi. Azərbaycan üçün bu, infrastrukturun çevikliyini qorumaq və multimodal imkanları genişləndirmək zərurətini ifadə edir.
– Azərbaycan liman infrastrukturunu və nəqliyyat dəhlizlərini fəal inkişaf etdirir. Bakıdakı dəniz və quru limanlarının beynəlxalq logistika və sizin şirkət üçün rolu nədən ibarətdir?
– Bakı limanı Orta Dəhlizin “ürəyidir”. Bizim üçün bu, Gürcüstan və Türkiyə istiqamətində yüklərin konsolidasiyasını və dəmir yolu dəhlizləri vasitəsilə daşınmasını təmin edən strateji mərkəzdir. Bakı ilə yanaşı, Azərbaycan Sumqayıt və Gəncə kimi şəhərlərdə əlavə quru limanlar inkişaf etdirməklə də öz rolunu gücləndirə bilər. Bu cür obyektlər regional sənayeni dəstəkləyəcək, daxili bölgələrlə əlaqələri möhkəmləndirəcək və ölkə üzrə yükl axınlarının daha balanslı paylanmasına xidmət edəcək. Yeni və mühüm təşəbbüslərdən biri də Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizidir. Onun praktik reallaşdırılması və uzunmüddətli təsirləri hələ dəqiqliklə qiymətləndirilməlidir, lakin bu marşrut Azərbaycanı, Türkiyəni və Avropanı birləşdirən əlavə keçid rolunu oynaya bilər. Əgər həyata keçirilsə, dəhliz Cənubi Qafqazda logistika sxemlərini əsaslı şəkildə dəyişdirəcək, daha şaxələndirilmiş və dayanıqlı nəqliyyat şəbəkələrinin formalaşmasına imkan yaradacaq.
– Sizin portfelinizdə dayanıqlı inkişafla bağlı layihələr də var. “Rhenus Logistics” Azərbaycanda və qonşu ölkələrdə logistikanın ekoloji izini minimuma endirmək üçün hansı addımlar atır?
– Bizim üçün dayanıqlı inkişaf ilk növbədə nəqliyyat növlərinin dəyişdirilməsindən başlayır. Azərbaycanda 2015-ci ildə fəaliyyətə başladığımızda, Bakıda avtomobil daşımaları operatoru kimi işə başladıq. Bu gün isə müştərilərimizə daha çox dəmir yolundan istifadə etməklə multimodal həllər təklif edirik ki, bu da uzunməsafəli avtomobil daşımalarının və onlarla bağlı emissiyaların azalmasına imkan verir. Dayanıqlılığa sadiqliyimizin başqa bir bariz nümunəsi isə Bakıda keçirilən COP29 konfransının rəsmi logistika tərəfdaşı qismində töhfəmiz oldu. Bu tədbir üçün nümayəndələrin daşınmasında sıfır emissiyalı elektrik yük maşını təqdim etdik ki, bu isə logistikanın dayanıqlı inkişafda necə real rol oynaya biləcəyinin praktiki sübutu idi. Gələcəyə baxdıqda, nəqliyyat növlərinin dəyişdirilməsini, innovasiyaları və yerli tərəfdaşlıqları birləşdirərək Azərbaycanın ekoloji keçidlə bağlı milli hədəflərinə uyğunlaşmaq və regionda daha dayanıqlı logistika ekosisteminin formalaşmasına töhfə vermək niyyətindəyik.
– Növbəti 5–10 ildə Almaniya və Azərbaycan arasında logistika sahəsində əməkdaşlığın inkişafını necə görürsünüz?
– Mən bu məsələyə böyük nikbinliklə yanaşıram. Almaniya Azərbaycanın Aİ-dəki əsas ticarət tərəfdaşlarından biridir, logistika isə bu tərəfdaşlığı təmin edən körpü rolunu oynayır. Qarşıdakı 5–10 ildə dəmir yolu daşımalarında daha çox birgə müəssisələrin yaradılacağını, rəqəmsal logistikada alman təcrübəsinin tətbiq ediləcəyini və dayanıqlı infrastruktur sahəsində birgə investisiyaların artacağını gözləyirik. Orta Dəhliz sadəcə marşrut deyil, əməkdaşlıq platformasıdır. Alman texnologiyalarını və təcrübəsini Azərbaycanın strateji mövqeyi ilə birləşdirərək bütün Avrasiya regionuna fayda verəcək dayanıqlı təchizat zəncirləri yarada bilərik.