AZ

Trampdan köhnə müttəfiqlərinə AĞIR ZƏRBƏ – Avropada gərginlik pik həddə ÇATDI

Xəbər verdiyimiz kimi  “İstəklilər koalisiyası”nın üzvləri ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Məlumata görə, bu danışıqlar gərgin şəraitdə keçib.

Avropa tərəfi 48 saat ərzində Vaşinqtona nümayəndələr göndərməyi və yeni sanksiyalar məsələsi üzrə birgə işçi qrupunun yaradılmasını təklif edib.
 

MÖVZU İLƏ BAĞLI:

Trampdan Aİ-yə sərt İTTİHAMLAR – Avropada narazılıq PİK HƏDDƏ


Lakin mətbuatın yazdığına görə, Tramp Rusiyaya sanksiyalar tətbiq etməkdən imtina edib. Əvəzində Tramp Avropa liderlərinin ünvanına sərt ittihamlar səsləndirib. Ağ Ev rəhbəri Avropa İttifaqını Rusiyadan neft idxalını davam etdirməkdə ittiham edib.

Görünən odur ki, Avropa çıxılmaz vəziyyətdə qalıb. Tramp heç bir halda Avropanın istəyinə uyğun hərəkət etmək istəmir. Avropa isə təkbaşına Rusiya qarşısında duruş gətirməkdə aciz görünür. Üstəlik Avropa İttifaqında Rusiyaya qarşı neytral mövqeyi ilə seçilən Macarıstan və Slovakiya kimi ölkələr də mövcuddur.

Bu isə çıxılmaz vəziyyətdə qalan Avropada parçalanmanın qaçılmaz olduğunu düşünməyə əsas verir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, Trampın Rusiyaya qarşı sanksiya tətbiq etmək fikri yoxdur:

“Onun vaxtı uzatmasının kökündə də məhz bu dayanır. Trampla Putin Ukrayna müharibəsində təxminən eyni mövqedən çıxış edir və onlar əksər məqamları razılaşdırıblar. Ukrayna Prezidenti Zelenski isə bu şərtləri qəbul etmək istəmir. Avropa da Zelenskinin yanındadır.

Ukraynanın ildə 80 milyard dollar yardıma ehtiyacı var. Avropa bu yardımı göstərmək imkanında deyil. Son 3 il ərzində Avropa Ukraynaya 132 milyard dollarlıq yardım edib. Eyni dövrdə Avropa neft və qaz qarşılığında Rusiyaya 242 milyard dollar verib. Tramp da Avropa liderlərinə deyir ki, bir tərəfdən müharibənin davam etdirilməsinin tərəfdarları kimi çıxış edir, digər tərəfdən də Rusiyadan neft, qaz almaqda davam edirlər. Üstəlik ABŞ-dan sanksiya tətbiq etməyi tələb edirlər”.

Avropada fikir ayrılıqları

Ekspert qeyd etdi ki, Avropa bununla məntiqsiz mövqedə olduğunu, reallıqları nəzərə almaq istəmədiyini, müharibənin uzanmasında maraqlı olduğunu ortaya qoyur:

“Onlar güman edir ki, Ukrayna müharibəsi uzansa, Rusiyaya qarşı baş verə biləcək savaşa daha yaxşı hazırlaşa bilərlər. Ancaq reallıq odur ki, davam edən müharibə Ukraynanın daha ağır şərtlərlə sülh sazişini imzalamağa məcbur olmasına gətirib çıxaracaq.

Digər tərəfdən, Avropa dövlətlərinin mövqeləri arasında kəskin fərqlər var. Hətta Macarıstan, Slovakiya Ukraynaya yardım göstərilməsinin kəskin şəkildə əleyhinə çıxış edirlər. Polşanın yeni prezidenti də Kiyevə xoş münasibət bəsləmir. Hətta Avropanın aparıcı dövlətləri arasında da fikir ayrılıqları hökm sürür”.

Avropa Ukraynaya yardım etmək potensialına, istəyinə sahib deyil.

Həmsöhbətimiz düşünür ki, belə şəraitdə Ukraynaya ciddi yardımlar göstərmək qeyri-mümkündür:

“ABŞ isə Ukraynaya yardım göstərməyəcəyini bildirir. Verdiyi silahları da havayı vermir. Nəticədə bütün ağırlıq Avropanın üzərinə düşür. Lakin təəssüf ki, Avropa bu potensiala, yaxud da istəyə sahib deyil. Rusiyanın üzərinə həbs qoyulmuş ehtiyatlarını Ukraynaya vermək istəyirlər ki, bu məsələdə də fikir ayrılığı var. Fransanın özü buna qarşıdır.

Belədə Trampın mövqeyinin Avropa liderlərini qane etməməsi fonunda “köhnə qitə”də parçalanma, öz aralarındakı ziddiyyətlərin pik həddə çatması ehtimalı istər-istəməz artır. Bu isə Avropanı daha pis çıxılmaz vəziyyətə sala bilər. Çünki belə vəziyyətdə Ukraynanın əlverişli sülh imzalaması mümkün deyil.


Bu isə sonrakı mərhələdə qara buludların öz növbəsində Avropanın başının üzərini də alması demək olacaq ki, nəticədə həmin məkanda dövlətlər arasındakı ziddiyyətlər olduqca kəskin məcraya daxil olacaq”.

Rüfət Sultan, Bizim.Media     

Seçilən
24
1
bizim.media

2Mənbələr