4 illik fasilədən sonra futbol üzrə Azərbaycan yığması dünya çempionatına vəsiqə qazanmaq uğrunda yarışan komandalardan biri olacaq. 

Yerimiz D qrupundadır, qrupda qalmağa yox, çıxmağa ümid edirik. Ümidlərimiz arasında Fransa, Ukrayna, İslandiyanı məyus etmək var. Düz danışaq, Azərbaycan milli komandası indiyədək var olan bütün məyusluqları yaşayıb. 1 il 3 aydır ki, qələbə üzünə həsrətik. Sonuncu rəsmi oyunumuzda kabus kimi məğlubiyyətlə turnirdən bir müddətlik vidalaşmışıq. Üstəgəl yerimizdən də olmuşuq. İtirəcəyimiz bir şey yoxdur. 

Elə buna görə İslandiyaya qarşı ilk oyundan əvvəl daxilində ümidin var olduğu şəxslərin ağlını itirdiyini deyəcəklər. Vaxt keçir, biz isə Alisa kimi dovşan dəliyinin dərinliklərinə yuvarlanmağa davam edirik. Qarşımızda saatı tıqqıldayan bir ağ dovşan dayanıb: bilmir saatına baxsın, yoxsa hara getdiyini bilməyən milli komandamıza yol göstərsin. Onun getdiyi məkan yad deyil – öz həmvətənləri ilə ora yol tapıb. Yəni dəliyin sonunda Möcüzələr Diyarı - dünya çempionatı adlı məkan həqiqətən də var. 

Qonşumuz iranlılar, türk qardaşlarımız özbəklərin danışdıqlarına qapı arxasından qulaq asırıq. Bizə də maraqlı gəlir. Qulaq şəkləyib digərlərini dinləməkdən, boylanıb başqalarına baxmaqdan bezmişik. İstəyirik ki, nəhayət, bizimkiləri də orada görək. Nə vaxta qədər milli komandalar arasında "kiçik" qalacağıq? Bu qapıdan keçmək üçün yığmamız illərdir özgüvən piroqundan bir tikə qoparmalı, böyüməli, qapının dəstəyinə çatmaq üçün dartınmalıdır. 

İslandiyalı futbolçulardan biri bilirsiniz nə deyir? "Bizim düşüncə tərzimiz mental olaraq onlardan üstündür".

Haqlıdır. Çünki hamımız bilirik: tariximizdə heç bir milli komandamız önündəki qapını açmağa nail olmayıb. Amma sual açıq qalır: Nə vaxta qədər o qapının ağzında qalacağıq? Sıradan bir yığma kimi görülməkdən nə vaxt bezəcəyik?

Jurnalistlərin İslandiya səfəri Misli və AFFA-nın dəstəyi ilə həyata keçirilir.