“Tramp yolu”nun (və ya Zəngəzur dəhlizinin – red.) tikintisi tezliklə başlayacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Armen Xaçaturyan deyib.
Yolun tikintisinə nə vaxt başlanılacağı ilə bağlı suala deputat belə cavab verib:
“Tezliklə Amerika tərəfi ilə görüşlər keçiriləcək. Sünikdə (Qərbi Zəngəzur) bu yolun açılmasının birbaşa müsbət təsiri hiss olunacaq”.
Söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında açılacaq maneəsiz yoldan gedir. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaya görə, dəhliz maneəsiz rejimdə işləyəcək.
Qeyd edək ki, Ermənistan KİV bundan əvvəl gələn həftə ABŞ-dən müxtəlif dairələrin nümayəndələrinin İrəvana gələcəkləri barədə məlumat yayıb. Bildirilib ki səfərin gündəliyi 42 kilometrlik “Tramp yolu” kimi tanınan layihədir. Amerikalılar İrəvanla təkcə dəhlizin texniki və siyasi təfərrüatlarını deyil, həm də investisiyaların həcmini, prioritetləri, eləcə də tikinti işlərinə başlanma tarixlərini müzakirə edəcəklər. Məlumata görə, səfərin məqsədi Vaşinqtonda əldə edilmiş razılaşmanın praktiki şəkildə həyata keçirilməsinə yönəlmiş addımların ardıcıllığına aydınlıq gətirməkdir.