Bu gün Azərbaycanın ilk onlayn media resurslarından biri olan Yenicag.az portalı fəaliyyətinin 18-ci ildönümünü qeyd edir.
Operativ Media xəbər verir ki, hazırda "Yeni Çağ" Media Qrupunun əsas layihəsi olan Yenicag.az 2007-ci ilin 5 sentyabrında oxucuların ixtiyarına verilib.
Sayt ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni sferasında baş verən yenilikləri işıqlandırmaqla yanaşı, beynəlxalq arenada baş verən mühüm xəbərləri də auditoriyasına təqdim edir.
2015-ci ilin sentyabrından Azərbaycan Mətbuat Şurasının üzvlüyünə qəbul edilən Yenicag.az həm yerli, həm də beynəlxalq media layihələrində fəal iştirak edib. "Yeni Çağ" Media Qrupu Avropa, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin nüfuzlu media strukturları ilə əməkdaşlıq quraraq, xüsusən 44 günlük Vətən müharibəsi dövründə informasiya müharibəsində bu əlaqələrdən səmərəli yararlanıb.
2016-cı ilin dekabrında fəaliyyətini daha da genişləndirən Yenicag.az türk dilində (Yenicag.info) və rus dilində (novayaepoxa.com) versiyalarını istifadəyə verib. 2018-ci ildən isə Media Qrupunun video platforması – Yenicag.tv fəaliyyətə başlayıb.
Hazırda "Yeni Çağ" Media Qrupu Yenicag.az (Azərbaycan dili), Yenicag.ru (rus dili), Yenicag.info (türk dili) və Yenicag.tv (video portal) domenləri ilə oxucularına xidmət göstərir.
Operativ Media Yenicag.az komandasını 18 illik yubiley münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində uğurlar diləyir.