Səhnəyə çıxdığı an salonu gülüş, alqış səsləri bürüyürdü. O, məşhur komediya aktyoru idi. İnsanları güldürmək, könlünü açmaq işi, sənətiydi. Və heç şübhəsiz ki, o, bu sənətin sənətkarıydı. Ancaq tamaşaçılarına səxavətlə gülüş bəxş edən Xalq artisti Səyavuş Aslanın özünün qəlbi sevincə, gözləri gülüşə həsrət idi...
O, 1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində dünyaya gəlib. Atası Məmmədağa sürücü, anası Anaxanım isə evdar qadın olub. Valideynlərinin onun gələcəyi barədə arzuları, xəyalları başqa idi. Onlar özləri ali təhsil almamışdılar. İstəyirdilər ki, oğulları oxusun, iş-güc, vəzifə sahibi olsun.
Səyavuş Aslan əvvəlcə Bakıdakı 1 saylı məktəbə gedib. Həmin məktəbdə yeddi il təhsil alıb. Yeddinici sinfi bitirdikdən sonra Dəmiryol Texnikumuna qəbul olunub. Orada təhsil ala-ala Biləcəri lokomativində maşinist köməkçisi işləyib. Eyni vaxtda da dram dərnəyinə gedib, hazırlanan tamaşalarda iştirak edib.
Əslində, Səyavuş Aslanın ilk getdiyi tar dərnəyi olmuşdu. O vaxtlar hələ üçüncü sinifdə oxuyurdu. Tar çalmağa böyük həvəsi var idi. Dərnəkdə ən yaxın dostu olan Hacıağa Əzimov həm də başqa bir dərnəyə - aktyor Atamoğlan Rzayevin rəhbərlik etdiyi dram dərnəyinə gedirdi. Hacıağa Əzimovun dram dərnəyi barədə tez-tez ona danışırdı. Dostundan eşitdikləri Səyavuş Aslanı sankı ovsunlayırdı. Teatra marağı belə yarandı. O, bir gün dostuna qoşulub dram dərnəyindəki məşqlərə tamaşa eləməyə yollandı. Həmin gün qərarını verdi və dram dərnəyinə üzv yazıldı. Bir müddət sonra Əbdürrəhim bəy Haqverdiyevin "Ağac kölgəsində" əsərində Ocaqverdi rolu ona həvalə olundu.
1948-ci ilin yazından isə başqa bir dərnəyə - aktyor Ağadadaş Qurbanovun rəhbərlik etdiyi Dəmiryolçular klubuna getməyə başladı. Teatra sonsuz sevgisi, Ağadadaş Qurbanovun böyük ustalıqla apardığı məşqlər, maraqlı söhbətləri, dərnək üzvlərinə səmimiyyəti, qayğısı Səyavuş Aslanı heyran edib, teatr sənətinə daha da bağladı. Dram dərnəyinə daha böyük həvəslə getdi. Sonralar böyük minnətdarlıq hissi ilə yada saldığı, ən sevimli müəllimlərindən biri hesab etdiyi Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram dərnəyindən başqa, o, axşamlar boş vaxtlarında Bayıldakı mədəniyyət evinin nəzdində fəaliyyət göstərən və həkimlər evindəki dram dərnəklərinə getdi.
Azərbaycan Dovlət Musiqili Komediya Teatrı 1949-cu ilin fevralında bəzi səbəblərdən bağlanıb. Teatr truppa halında bir muddət Filarmoniyanın nəzdində estrada ansamblı kimi fəaliyyət göstərib. Rejissor Soltan Dadaşovun təşəbbusu ilə 1954-cü ildə estrada dəstəsi mustəqil kollektiv kimi çalışıb. Dəmiyolçular klubunda bir neçə il məşğul olan Siyavus Aslan da həmin il rejissor Ələsgər Şərifovun və Soltan Dadaşovun yoxlamasından keçərək kollektivin xor heyətinə qəbul olunub. Ancaq orada qısa müddət çalışıb. 1954-cü ilin payızında hərbi xidmətə çağırıldığı üçün kollektivdən ayrılmalı olub. Musqili Komediya Teatrının fəaliyyəti 1956-cı ildə bərpa olunanda o, hərbi xidmətdə idi.
1957-ci ilin payızında geri qayıdıb. Səyavuş Aslan Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki Kukla teatrı ansamblına daxil olub. Orada "Cırtdan", "Məlik Məmməd" nağıl-tamaşalarının hazırlanmasında iştirak edib. Kukla teatrı ansamblında da çox qalmayıb. 1958-ci ilin aprelində Quba Dövlət Dram Teatrında işləməyə başlayıb. Həmin teatrın səhnəsində maraqlı rollar ifa edib.
Gənc aktyor 1959-cu ildə Bakıya qayıdıb. Musiqili Komediya Teatrının aktyor truppasına qəbul edilib. Teatrda Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Əlihüseyn Qafarlı, İbrahim Şunasi (Huseynov) kimi təcrubəli, sayılıb-seçilən sənətkarlarla birlikdə işləməyə başlayıb. Xüsusilə Lütfəli Abdullayevdən atalıq qayğısı görüb.
Musiqili Komediya Teatrında artıq məşhurlaşmış, tamaşaçıların rəğbətini, sevgisini qazanmış aktyorlarla səhnəyə çıxan Səyavuş Aslan tezliklə aktyor kimi tanınmağa, sevilməyə başlayıb. Ancaq çox sevdiyi aktyorluq sənətində hələ ki, öz yolunu axtarırdı. Bu sənətdə ilk addımlarını atan Səyavuş Aslanı Lütfəli Abdullayevin ifa tərzi xüsusi ilə cəlb edirdi. Təcrübəli və çox sevdiyi aktyorun sənətinin, istedadının heyranlığı gənc aktyorun ifasına güclü təsir göstərirdi.
Səyavuş Aslanın Lütfəli Abdullayev kimi oynamağa çalışması diqqətdən yayınmadı. Ona "balaca Lütfəli Abdullayev" deyirdilər. Hər səhnəyə çıxışı alqışlarla qarşılansa da, gənc aktyor bilirdi ki, sənətinə böyük dəyər verdiyi aktyorun kölgəsinə sığınmamalıdır. Öz yolunu axtarmalı, dəsti-xətini seçməlidir, yoxsa nə qədər uğurlu rollar oynasa da, tanınsa da, Lütfəli Abdullayevin təkrarçısına çevriləcək. İstedadı, zəhmətsevərliyi və bir də aktyorluq sənətinə sevgisi gənc aktyora qol-qanad verdi. Əzmlə, inadla çalışdı. Bacarığı, yorulmaq bilmədən çalışması rejissorların da diqqətindən yayınmadı. Səyavuş Aslana yeni rollar həvalə etdilər. Bunu həm də etimad kimi qəbul edən aktyor daha məsuliyyətlə çalışdı. Fərqli ifa tərziylə səhnəyə çıxmaq üçün gərgin məşqlər edir, öz üzərində daha ciddi çalışırdı.
Nəhayət, məqsədinə çatır. Səyavuş Aslan Musiqili Komediya Teatrının səhnəsində yaratdığı rollarla daha da sevilir, adı bənzərsiz aktyor kimi teatr tariximizin səhifələrinə yazılır. "Kəndimizin mahnısı"nda Bayram, "Özümüz bilərik"də İbişov, "Altı qızın biri Pəri"də Füruzbala, "Ulduz"da Şubay, "Hicran"da Dadaşbala, "Qaçırılmış qız"da Qəmzəli, "Lənət sənə, kor şeytan"da Misir Nəsir, "Əlli yaşında cavan"da Orduxan bəy və başqa rolları ona böyük şöhrət gətirdi.
Səyavuş Aslan Musiqili Komediya Teatrında uzun illər fəaliyyət göstərdi. Elə bir zaman gəldi ki, bu teatrın üc aparıcı aktyorundan biri oldu.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında özünü rejissor kimi sınayan tanınmış aktyor Məlik Dadaşov Sabit Rəhmanın "Nişanlı qız" komediyasını tamaşaya hazırlayanda Mindilli roluna Səyavuş Aslanı dəvət etdi. Tamaşa uğur qazandı. Səyavuş Aslan 1984-cü il oktyabrın 5-də Akademik Milli Dram Teatrında işə başladı. 1994-cü il fevralın 4-də isə Musiqili Komediya Teatrına bədii rəhbər təyin olundu. Bir müddət dəvətlə gəlib Akademik Milli Dram Teatrın repertuarındakı rollarını da ifa etdi. 1996-cı ilin oktyabrında bədii rəhbər vəzifəsindən istefa verdi. Akademik Milli Dram Teatrına qayıtdı. Həmin teatrda Mindilli ("Nişanlı qız"), Ağəli ("Günah"), Fəriş ("Bizim qəribə taleyimiz"), Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı"), Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar"), Vanya Koxa ("Hökmdar və qızı"), Qərib Qulam ("Mənsiz dünya"), Əsədulla ("Ah, Paris... Paris!.."), baş redaktor ("Mənim sevimli dəlim"), Luka ("Həyatın dibində"), Romul Avqustul ("Böyük Romul") və daha neçə-neçə bir-birindən fərqli, maraqlı rollarla səhnəyə çıxdı.
Səyavuş Aslanın aktyorluq məharəti kinorejissorların da diqqətini cəlb etdi. 1963-cü ildə ekranlaşdırılan "Romeo mənim qonşumdur" filmində ilk rolunu - Səməd rolunu oynadı. Sonralar o, "Əhməd haradadır?"da Saqqal Ramiz, "Ulduz"da Şubay, "Əzablı yollarla"da Ortancıl Div, "Bəyin oğurlanması"nda Mustafa, "Yol hadisəsi"ndə MİS rəisi Qurban, "Yay günlərinin xəzan yarpaqları"nda Şəmsi, "O dünyadan salam"da Hacı Həsən ağa, "Evlənmək istəyirəm"də ("Papaq") Hacı Kəmyab, "Hacı Qara"da Hacı Qara, "Qəm pəncərəsi"ndə Karapet, "Yuxu"da polis rəisi Fərəcov və başqa rollarla Azərbaycan kino tarixinin unudulmaz aktyorları sırasında yer aldı.
Azərbaycan Dovlət Televiziyasında da neçə-neçə satirik səhnəcikdə, televiziya tamaşalarında maraqlı rollar ifa etdi. Dovlət Televiziyasının Qızıl fondunda saxlanılan və tez-tez ekranlarda nümayiş etdirilən bir sıra tamaşalardakı maraqlı rolları - "Evləri kondələn yar"da Bazarkom, "Əyalət lətifələri"ndə Qaloşin və sair rollar aktyoru bu günün televeziya tamaşaçılarına da sevdirir.
O, dəfələrlə Mədəniyyət və İncəsənət Universitetindən edilən təkliflərdən imtina etdi. Ancaq heç vaxt pedaqoq kimi fəaliyyət göstərməsə də, öz təcrübəsini, məsləhətlərini çalışdığı teatrların gənc aktyorlarından əsirgəmirdi.
Azərbaycan teatrının qüdrətli aktyorlarından hesab edilən Səyavuş Aslan 2013-cü il iyunun 27-də gözlərini əbədi yumdu. Vurğunu olduğu səhnədə, kinofilmlərdə, televiziya, teatr tamaşalarında oynadığı, lent yazılarının yaddaşında qalan rolları böyük sənətkarın ömrünün davamı oldu.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"