Madridin “Atletiko” klubu UEFA nümayəndə heyətinin ziyarəti zamanı qalmaqal yaşayıb.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, sabiq hakim Karlos Velasko Karbalyo rəhbərliyində baş tutan görüşdə komandaya yeni qaydalar izah edilib.
Xüsusilə, penaltilər zamanı futbolçuların topa iki dəfə toxunması mövzusu müzakirə olunub. Ötən mövsüm “Atletiko” bu qaydadan ziyan görüb: Çempionlar Liqasının 1/8 finalında “Real”la keçirilən penaltı seriyasında Julian Alvarezin topa ikinci dəfə toxunduğu VAR tərəfindən müəyyən edilib və qol sayılmayıb.
Görüş zamanı UEFA nümayəndələri komanda qarşısında bir neçə nümunə təqdim etsələr də, Alvarezin həmin epizodu göstərməyiblər. Baş məşqçi Diego Simeone bu haldan narazı qalıb və niyə komanda üçün ən vacib nümunənin nümayiş etdirilmədiyini soruşsa da, aydın cavab ala bilməyib. Nəticədə Simeone iclası tərk edərək işlərinə qayıdıb.
“Atletiko” rəhbərliyi UEFA-nın belə vacib bir nümunəni nəzərə almamasını kobudluq kimi qiymətləndirib.