Rusiya Xarici İşlər Nazirliyi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən sığorta vəsaitinin ödənilməməsi barədə məlumatlara aydınlıq gətirib.
Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) "Telegram" kanalında məlumat verilib.
Rusiya XİN-dən bildiriblər ki, təyyarənin xəsarət almış sərnişinlərinə və həlak olanların yaxınlarına ümumilikdə 358.4 milyon rubl (təqribən 7,4 milyon manat - red.) məbləğində sığorta ödənişi edilib:
"Reysin 62 sərnişindən 46-nın xəsarət alması və ölməsi ilə bağlı iddialar tam nizamlanıb, o cümlədən Rusiya vətəndaşlarının 15-dən 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, Qırğızıstanın 3 vətəndaşının, Qazaxıstanın 6 vətəndaşından 1-nə kompensasiyanın ödənişi tam təmin edilib. Zərərçəkmişlər və ölənlərin yaxınları ilə tam nizamlanma məqsədi ilə kompensasiya məbləğlərinin razılaşdırılması istiqamətində işlər davam edir".