AZ

Zəngəzur dəhlizinin açılmasına Avroittifaq da qoşuldu - Naxçıvana misilsiz səfər...


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi təmsilçisi Maqdalena Qrono Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb. İrəvanda keçirilən görüşdə tərəflər Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladıqları birgə bəyanatı, yaradılacaq iqtisadi imkanları müzakirə ediblər. Bundan əlavə, tərəflər regional kommunikasiya kanallarının açılmasından, Aİ-Ermənistan əlaqələrindən də danışıblar.

Xatırladaq ki, Maqdalena Qrono ötən həftə Azərbaycanda olub, prezident İlham Əliyevlə Vaşinqton səfərinin nəticələrini müzakirə edib. Aİ təmsilçisi Naxçıvana da səfər edib, prezidentin bölgədə xüsusi təmsilçisi Fuad Nəcəfli ilə görüşüb. Bu xüsusda o qeyd edib: “Nəqliyyat infrastrukturu ilə yerində, Aİ-nin onun işinin bərpasında mümkün iştirakı kontekstində tanış oldum”. Xatırladaq ki, xanım Qrono prezident İlham Əliyevlə görüşdə blokun nəqliyyat dəhlizinin gerçəkləşdirilməsinə dəstək verməyə hazır olduğunu deyib. Xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib. Qeyd edək ki, avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP və ya “Tramp yolu”nun çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir. “Tramp yolu” Azərbaycanın Zəngəzur dəhlizi dediyi marşrutdur. İndi əksər təhlilçilər Aİ-nin Cənubi Qafqazda daha uzunmüddətli maraqları və mövcudluğunu nəzərə alaraq, bloku bu prosesə cəlb etməyin vacib olduğunu deyirlər. Qurum Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsində iştirakla prosesə qatıla bilər. Maqdalena Qrononun Naxçıvan səfəri Avropa İttifaqının bu prosesdə maraqlı oduğunu nümayiş etdirir. Bu arada onu da qeyd edək ki, Avropa ittifaqı yenidən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində maliyyələşmə məsələlərinə maraq göstərir. Nəzərə alsaq ki, həm Ermənistan, həm Azərbaycan TRACECA-nın üzvüdür, biz Avropa İttifaqını hansısa bir texniki dəstək layihəsi ilə bu prosesə qoşulması daha rahat olacaq. Avropa nəzərə alır ki, artıq beynəlxalq münasibətlərdə yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşır. Bu reallıqların mühüm komponentlərindən biri də nəqliyyat-logistika şəbəkələrinin genişləndirilməsi və strateji dəhlizlərin açılmasıdır. Cənubi Qafqaz regionunda xüsusi əhəmiyyət kəsb edən layihələrdən biri məhz Zəngəzur dəhlizidir. Azərbaycan və Türkiyəni birləşdirən, eyni zamanda Mərkəzi Asiya ilə Avropanı daha qısa yolla əlaqələndirən bu dəhliz təkcə regional deyil, həm də qlobal əhəmiyyətə malikdir. Bu baxımdan Avropa İttifaqının Zəngəzur dəhlizinə cəlb olunması həm iqtisadi, həm siyasi, həm də strateji aspektdən aktuallıq kəsb edir.

Burada bir daha xatırladaq ki, Azərbaycan Zəngəzur dəhlizinin əsas təşəbbüskarı və aparıcı qüvvəsidir. Qarabağ münaqişəsinin həlli və bölgədə yeni reallıqların yaranması fonunda Bakı bu dəhlizi regionun inteqrasiyasına və əməkdaşlığına xidmət edən layihə kimi təqdim edir. Azərbaycanın enerji və nəqliyyat sahəsində qazandığı təcrübə göstərir ki, Bakı artıq təkcə regional oyunçu deyil, həm də qlobal tranzit şəbəkəsinin vacib iştirakçısına çevrilib. Avropa İttifaqı üçün Azərbaycanın bu mövqeyi xüsusi əhəmiyyət kəsb edir, çünki Aİ özünü yeni enerji və nəqliyyat yolları ilə təmin etməkdə maraqlıdır. Onu da qeyd edək ki, Avropa İttifaqı son illərdə “Qlobal Gateway” təşəbbüsünü irəli sürərək Asiya ilə Avropa arasında yeni nəqliyyat marşrutlarının qurulmasına xüsusi diqqət ayırır. Məqsəd yalnız Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ yaratmaq deyil, həm də dayanıqlı, təhlükəsiz və çoxşaxəli kommunikasiya yolları formalaşdırmaqdır. Bu mənada Zəngəzur dəhlizi Aİ üçün unikal imkanlar açır. Bir tərəfdən, dəhliz Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək, digər tərəfdən, yükdaşımaların vaxtını və məsafəsini xeyli qısaldacaq. Bu isə Avropa şirkətləri üçün əlavə iqtisadi üstünlüklər deməkdir. Hazırda Avropa ilə Asiyanı birləşdirən ən mühüm marşrutlardan biri Orta Dəhlizdir. Bu dəhliz Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Avropaya uzanır. Zəngəzur dəhlizi isə Orta Dəhlizin tamamlayıcı hissəsinə çevrilə bilər. Çünki Azərbaycan və Türkiyəni birləşdirən yeni yol Avropaya çıxışı daha da asanlaşdıracaq. Avropa İttifaqı üçün bu, təkcə ticarət marşrutu deyil, həm də strateji əhəmiyyətli alternativdir. Məsələn, Rusiya üzərindən keçən şimal dəhlizi hazırda siyasi risklər səbəbindən problemli vəziyyətdədir. İran üzərindən cənub marşrutu isə sanksiyalar və qeyri-sabitlik səbəbindən dayanıqlı hesab olunmur. Belə şəraitdə Zəngəzur dəhlizi Avropa üçün etibarlı seçim kimi ön plana çıxır. Zəngəzur dəhlizinin reallaşdırılması yalnız iqtisadi deyil, həm də geosiyasi prosesdir. Rusiya bölgədə öz təsirini qorumağa çalışır və bu layihəni öz maraqlarına uyğun yönləndirmək istəyir. İran isə dəhlizin açılmasına ehtiyatla yanaşır, çünki bu, onun regional mövqeyini zəiflədə bilər. Avropa İttifaqının dəhlizə cəlb olunması isə balans yarada və layihənin daha dayanıqlı icrasını təmin edə bilər. Aİ-nin iştirakı bölgədə şəffaflıq, təhlükəsizlik və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq mühitini gücləndirmək iqtidarındadır. Bəllidir ki, Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrində Avropa ilə Asiya arasında körpü rolunu uğurla yerinə yetirir. Bakı Avropa İttifaqı üçün mühüm strateji tərəfdaşa çevrilib. Zəngəzur dəhlizinin açılması Azərbaycanın bu mövqeyini daha da gücləndirəcək və Aİ ilə əməkdaşlıq üçün yeni perspektivlər yaradacaq.

Nahid SALAYEV

Seçilən
71
baki-xeber.com

1Mənbələr