Tütkiyənin “Fənərbağça” klubunun müdafiəçisi Dieqo Karlos bundan sonra İtaliya təmsilçisi “Komo”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
A Seriyası təmsilçisi 32 yaşlı mərkəz müdafiəçisini 2026-cı ilin 30 iyununadək icarəyə götürüb. “Komo” Karlosun bir mövsümlük icarəsi üçün “Fənərbağça”ya 2,8 milyon avro ödəyib.
Xatırladaq ki, Dieqo Karlos 2025-ci ilin əvvəlində İngiltərənin “Aston Villa” klubundan 10 milyon avro müqabilində “Fənərbaxça”ya keçmişdi. Braziliyalı müdafiəçinin Türkiyə klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi var. O, İstanbul təmsilçisinin heyətində cəmi 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Braziliyalı müdafiəçi peşəkar karyerasına “Desportivo Brasil”də başlayıb. “San Paulo”, “Paulista”, “Madureyra”, “Eştoril”, “Portu” “Nant”, “Sevilya” kimi klublarda da oynamış Dieqo 2022-ci ilin iyulundan “Fənərbağça”ya keçənə qədər “Aston Villa”da çıxış edib. O, Premyer Liqa təmsilçisinin heyətində 58 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Karlos Braziliyanın U-23 və Olimpiya yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Dieqo Karlosu heyətinə qatmış “Komo” ingiltərəli yarımmüdafiəçisi Dele Alli ilə də yollarını ayırıb. İtaliya klubu təcrübəli oyunçu ilə mövcud müqaviləsini vaxtından əvvəl ləğv edib. Klubun mətbuat xidmətinin yaydığı açıqlamada bu barədə bildirilib:
“Klub Deleyə burada keçirdiyi müddət üçün təşəkkür edir və gələcək karyerasında ona uğurlar arzulayır”.
Ayrılığın səbəbi kimi ingiltərəli futbolçunun daimi oyun təcrübəsi istəyi və klubun bunu təmin edə bilməməsi göstərilib. 29 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə cəmi 1 oyuna çıxıb və məhsuldarlıq göstərə bilməyib. O, “Komo”ya bu ilin yanvarında cəld edilmişdi.
Xatırladaq ki, Dele Alli ən yaxşı vaxtlarını “Tottenhem”də keçirib.
Dele Alli ilə yanaşı, Andrea Belotti də “Komo”dan ayrılıb. İtaliya yığmasının sabiq üzvü növbəti dəfə klubunu dəyişib. 31 yaşlı hücumçu “Kalyari” ilə 1 illik müqavilə bağlayıb. Transferin digər detalları açıqlanmayıb.
7 il oynadığı “Torino”da məşhurlaşmış forvard ötən yay “Roma”dan 4,5 milyon avroya alınmışdı. Bu qış “Benfika”ya icarəyə göndərilmiş Belotti Portuqaliya təmsilçisində də möhkəmlənməyib geri qayıtmışdı.