Əli Mustafa: “Əslində bu yolun necə adlanması önəmli deyil”
Ermənistan baş naziri Nikol Paşinyan “İctimai Radio”ya müsahibə verib. Paşinyanın müsahibə zamanı Zəngəzur dəhlizi ilə bağlı suala cavabı maraqla qarşılanıb.
Jurnalist soruşub: “Ermənistan hökumətinin Azərbaycana birtərəfli üstünlüklər gətirən “Böyük Turan” layihəsinin həyata keçirilməsində Zəngəzurdan ekstraterritorial dəhliz verməsi doğrudurmu?”
Paşinyan belə cavab verib: “Bəli. Lakin “Böyük Turan Yolu” yox, “Sülh yollarının kəsişməsi”, “Tramp yolu”. Bu yol ölkəmizin yurisdiksiyası daxilində, suverenliyi və ərazi bütövlüyü qorunmaqla fəaliyyət göstərəcək. Bu yol hər iki ölkəyə qarşılıqlı üstünlüklər gətirəcək”.
Qeyd edək ki, Zəngəzur dəhlizinə nəzarətin “Tramp marşrutu” adı ilə 99 il müddətinə ABŞ-a icarəyə veriləcəyi açıqlanıb. Zəngəzur dəhlizi türk dünyasının birləşməsi kontekstində həm də “Böyük Turan Yolu” kimi təqdim edilir.
“Zəngəzur dəhlizinin açılması Ermənistanı dalandan çıxarır və bu ölkə Orta Dəhlizə qoşulmaq imkanı əldə edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, prinsipcə, jurnalistin provokasion sualına Paşinyan ağıllı cavab verib: “Əslində bu yolun necə adlanması önəmli deyil. Önəmli olan region ölkələrinin bu yol vasitəsi ilə ticarət şəbəkəsinə qoşulması, tranzit əlaqələrin şaxələnməsidir. Çünki nə qədər çox ticarət yolu olsa, bu bir o qədər Avropa ilə Mərkəzi Asiya arasında Azərbaycanın önəmini artıracaq. Ona görə ki, Azərbaycan bunların arasında bir tranzit habdır. Bu yollar həm Azərbaycanın tranzit gəlirlərini artıracaq, həm də ölkəmizin geosiyasi əhəmiyyətini gücləndirəcək. Bu baxımdan Paşinyan mövcud reallıqların və perspektivlərin fərqindədir. Çalışır ki, Ermənistan da tranzit daşımaların bir halqasi olsun. Çünki Zəngəzur dəhlizinin açılması Ermənistanı dalandan çıxarır və bu ölkə Orta Dəhlizə qoşulmaq imkanı əldə edir. Orta Dəhlizə qoşulmaq isə geniş əlaqələr və böyük gəlirlər vəd edir. Burada təkcə tranzit gəlirlərindən söhbət getmir. Söhbət həm də bir sıra məhsullara çıxışdan, onların daşınmasında nəqliyyat xərclərinin azalmasından gedir. Məhz həm də bu səbəbdən Paşinyan bir sıra gerçəklikləri anlamağa başlayıb. Rasional siyasət yeridərək Türkiyə və Azərbaycanla normal münasibətlər qurmağa çalışır. Onu da nəzərə almaq lazımdır ki, bu, indiki dövrdə o qədər də asan deyil. Çünki Rusiyanın himayə etdiyi revanşist qüvvələr buna ciddi müqavimət göstərir. Üstəlik, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Revanşistlər, kilsə Ermənistan hakimiyyətinin normallaşma prosesinə qarsıdılar. Ancaq hesab edirəm ki, onlar azlıqda qalacaqlar. Erməni cəmiyyəti praqmatik mövqedən çıxış edərək Paşinyanın siyasətini dəstəkləyəcək”.
Vidadi ORDAHALLI