AZ

Şamaxıda “Astronomiya və astrofizikanın aktual problemləri” adlı I Respublika Konfransının açılış mərasimi olub

Şamaxı, 4 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” adlı I Respublika Konfransı işə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək tədbirdə rəsədxananın əməkdaşları ilə yanaşı, ölkənin bir sıra elm və təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər. Konfransa Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qarabağ Universiteti, ADPU-nun Şamaxı filialı, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Fizika İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi qatılıb.

Öncə iştirakçılar rəsədxananın yerləşdiyi, akademik Yusif Məmmədəliyevin adını daşıyan qəsəbədə alimin abidəsini, daha sonra isə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, gül dəstələri düzüblər. Ardınca rəsədxananın konfrans zalında Şamaxı Rayon İcra Hakimiyyətinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə tədbir açıq elan olunub.

Konfransın açılış mərasimində çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rəsədxananın yarandığı vaxtdan fundamental elmin inkişafına verdiyi töhfələri diqqətə çatdırıblar. Qeyd olunub ki, mərkəz bu gün də regionun aparıcı elmi ocaqlarından biri olaraq fəaliyyətini davam etdirir.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə elm və təhsil sahəsinə göstərilən diqqət və qayğı nəticəsində, xüsusilə regionlarda elmi mərkəzlərin inkişafı son illərdə yeni mərhələyə qədəm qoyub.

Konfransın əhəmiyyəti vurğulanaraq qeyd olunub ki, belə tədbirlər yalnız regional deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın elm nüfuzunu artırır, innovativ inkişaf proseslərinə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyata keçidə töhfə verir, gənclərin elmə marağını gücləndirir və ölkəmizin dünya elmi xəritəsində möhkəm yer tutmasına şərait yaradır.

Açılışdan sonra tədbir “Astrofizikanın müxtəlif istiqamətlərində nəzəri tədqiqatlar” bölməsi üzrə məruzələrlə davam edib.

Qeyd edək ki, hibrid formatda təşkil olunan konfransda 9-u plenar olmaqla, əyani və onlayn şəkildə 6 bölmə üzrə ümumilikdə 54 elmi məruzə dinləniləcək. Həmçinin tədbir çərçivəsində “Nonclassical Models on Modern Mathematical Physics and its Applications to Physics, Aerodynamics, Astrophysics and Stellar Astronomy” adlı vorkşopun keçirilməsi də nəzərdə tutulur.

Seçilən
10
3
azertag.az

4Mənbələr