ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 sentyabr, Pərvanə Qafarova, AZƏRTAC
Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının iştirakçılarının qazandıqları bacarıqlar onların süni intellekt sahəsində yaxşı tədqiqatçılar kimi formalaşmasına kömək edəcək. Mən çox ümid edirəm ki, gələcəkdə azərbaycanlı istedadlı gənclər bizim şirkətlə - “OpenAI” ilə əməkdaşlıq edəcəklər. Bu isə tamamilə mümkündür. Bakıda olduğum bu günlər ərzində Azərbaycanın çox sayda istedadlı gənc proqramçısı ilə görüşdüm.
Bu barədə AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının iştirakçılarından biri - “OpenAI” şirkətinin tədqiqatçısı Mostafa Rohaninejad deyib. O, gənclərin ICPC kimi aparıcı proqramlaşdırma müsabiqələrində iştirakını yüksək qiymətləndirib: “Əla olardı ki, onlar bu bacarıqları bizim şirkətdə tətbiq etsinlər: şirkətimizə gəlsinlər, öyrənsinlər, təcrübəçi və ya işçi olsunlar, bir neçə ildən sonra isə qazandıqları bilik və bacarıqlara əsaslanaraq öz şirkətlərini açsınlar. Onlar öz süni intellekt şirkətlərini yaradaraq bizim xidmətlərimizdən istifadə edə bilər və ya biz onların xidmətlərindən faydalanarıq”.
M.Rohaninejad qeyd edib ki, hazırda “OpenAI” şirkətində süni intellekt üzrə dil modellərinə dair çox iş aparılır. Onun sözlərinə görə, ilkin olaraq böyük dil modelləri yalnız ingilis dili üzrə hazırlanıb.
“Zaman keçdikcə biz daha çox dil əlavə etdik və onları müxtəlif dialektlər və yazı sistemlərində bacarıqlı etməyə çalışdıq. Məsələn, əvvəllər model başqa dildə danışanda güclü aksent olurdu. Biz bunu da yaxşılaşdırdıq. Bu, tədrici bir prosesdir. Bizim ayrıca bir komandamız var ki, internetdə az təmsil olunan dillər üçün modellərin keyfiyyətini artırmaqla məşğuldur. Təsəvvür edin ki, onlayndakı mətnlərin əksəriyyəti Çin, ingilis və ya digər populyar dillərdədir. Biz isə daha az təmsil olunan dillərdə modelin imkanlarını artırmağa çalışırıq və ümid edirik ki, gələcək modellərdə bu sahədə irəliləyişləri görəcəksiniz”, - deyə Mostafa Rohaninejad bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.