Bakı, 4 sentyabr, AZƏRTAC
Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadası (ICPC) Fondu ADA Universitetinə 100 min ABŞ dolları məbləğində qrant təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ICPC Fondunun prezidenti Bill Pauçer Bakıda keçirilən 49-cu ICPC Dünya Finalının bağlanış mərasimində bildirib. Qrant ADA Universitetinin rektoru Hafiz Paşayevə təqdim edilib.
Bill Pauçer qeyd edib ki, ICPC Fondu ADA Universitetinə universitet daxilində ICPC icmasına dəstək məqsədilə 100 min ABŞ dolları məbləğində qrant təqdim edir: “Siz bu vəsaiti ICPC-ni təşviq etmək üçün lazım bildiyiniz kimi istifadə edə bilərsiniz. Məsələn, qrant tələbələrə təqaüdlərin verilməsi, xüsusi tədbirlərin keçirilməsi, bəzi illərə aid müəyyən xərclərin ödənilməsi və ya komandaların digər şəhər və ölkələrdəki yarışlara səfərlərinin təşkili üçün istifadə oluna bilər. Əsas olan vəsaitin fondun xeyriyyə missiyası çərçivəsində – dünya universitetlərində rəqabətli proqramlaşdırmanın təşviqi üçün istifadə edilməsidir”.