AZ

Poliklinikalar 4 cür arayışa görə “qaynayır” - TƏBİB kamil bir sistem qura bilmir?


Orta məktəbə, bağçaya, eləcə də ali məktəbə qədəm qoyanların yolu ilk olaraq poliklinikalardan keçir. Həm də günlərlə bu tibb müəssisəsinə gedib-gəlirlər. Məsələ isə budur ki, onlardan tələb olunan sağlamlıq arayışını əldə etmək üçün bir neçə müayinə və analizlərdən keçməlidirlər. Bu da azı bir neçə gün insanların vaxtını alır. Ancaq problem bununla bitmir.

Belə ki, bu günlərdə poliklinikalara müraciət çox olduğu üçün saat 11 olmamış sistem donur və insanlar çarəsizcə saatlarla sistemin açılmasını gözləyirlər. Bağça, məktəbəqədər və birinci sinif üçün arayışa görə analizdən keçməli olan körpələr də sistemin yenidən açılması üçün saatlarla poliknikalarda gözləməli olur.

Narazı valideynlər bizimlə söhbətdə bildirdilər ki, 3-4 gündür gəlib-gedirlər: "Səhər saat 08:00-da burda oluruq, axşam tərəfi çıxırıq. Sağlamlıq haqqında arayış almaq üçün bir neçə həkim müayinəsindən keçilməlidir və qan analizi verilməlidir. Həkimləri tapmaq, onların qəbuluna düşmək zülmdür. Gah başları qarışıq olur, gah hansısa həkim məzuniyyətdə olur ancaq onu əvəz edən olmur. Bir neçə müayinə var ki, onlar da başqa-başqa ərazilərdədir, indi gəl bağçaya gedəcək uşaqla həmin polikliniklara get və həkimlərin qəbuluna düş, arayış al. Bir sözlə, sağlamlıq haqqında arayış almaq istəyəni intihar həddinə çatdırırlar. Bunu elə edin insanlar razı qalsın, bu boyda müayinə nəyə lazımdır?.

Maraqlıdır, bu məsələ niyə planlı şəkildə həyata keçirilmir?

Adil Qeybulla: "Tibbi arayışların verilməsi üçün elektronlaşdırılmış sistem lazımdır"

Professor, tibbi ekspert Adil Qeybulla "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, arayış sistemi formal olaraq qalmaqdadır: "Tibbi arayışların verilməsi üçün elektronlaşdırılmış sistem lazımdır. Sağlamlıq arayışı hər bir vətəndaşın tibbi məlumatları, "Check-up" (çekap) müayinə məlumatları sistemə yüklənməli, elektron sistemdə yerləşdirilməlidir. Bizdə səhiyyə sistemə çevrilə bilməyib hələ. Bütün vətəndaşların sağlamlıq haqqında məlumatları ümumi bir proqramda olmalıdır ki, arayış vermək proseduru asanlaşsın. Problem nə qədər ki var, poliklinikalarda da, xəstəxanalarda da belə xoşagəlməz hallar yaranacaq, süründürməçilik davam edəcək və vətəndaşların haqlı narazılığına səbəb olacaq".

TƏBİB: "TƏBİB tərəfindən kadr təminatı gücləndirilib, tibbi avadanlıqların yenilənməsi və elektron sistemin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb"

TƏBİB-dən "Bakı-Xəbər"ə bildirilib ki, ali və orta ixtisas məktəbləri, kolleclər və liseylərdə yeni tədris ilinin başlanması ilə əlaqədar “Sağlamlıq haqqında arayış”lara (TQS 086) tələbat əhəmiyyətli dərəcədə artıb: "Təhsilə yeni başlayan uşaqların valideynləri tərəfindən də məktəbəqədər və orta təhsil müəssisələrinə təqdim etmək üçün tibbi sənədlərlə (TQS 026) bağlı müraciətlərdə də artım qeydə alınıb.2024-cü ilin iyun-avqust aylarında arayışla bağlı müraciət edən uşaq sayı 73 093 nəfər olduğu halda, 2025-ci ilin iyun-avqust aylarında bu rəqəm 85 000 nəfərdən çox olub. Tələbatın əhəmiyyətli dərəcədə artması səbəbindən bəzi poliklinikalarda sıxlıq yaranıb. Onu da bildirək ki, TƏBİB tərəfindən kadr təminatı gücləndirilib, tibbi avadanlıqların yenilənməsi və elektron sistemin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb.Arayışların forması, ixtisaslı həkim müayinələri və instrumental-laborator müayinələr Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir”.

Leyla QARAXANLI

Seçilən
23
baki-xeber.com

1Mənbələr