BAKI, 4 sentyabr. TELEQRAF
Əməkdar artist Bəhram Bağırzadə Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Bəhram müəllim, doğum gününüz münasibətilə sizi təbrik edirik. Bu gün sizin üçün hansı mənanı ifadə edir?
- 53 yaşım tamam olur. Hər il olduğu kimi, 4 sentyabr bu dəfə də mənim üçün sadəcə doğum günü deyil, həm də bir ziyarət günüdür. Səhər tezdən valideynlərimin məzarını ziyarət edirəm, onlar üçün dua oxuyuram. Sonsuz təşəkkürümü bildirirəm ki, məni bu dünyaya gətiriblər, böyüdüblər, mənə həyatın dəyərini öyrədiblər.
Son illər ayrıca ad günü qeyd etmirəm. Valideynlərimin yoxluğunu hər zaman hiss edirəm və bu gün o boşluq bir az da dərinləşir. Bütün bunlara baxmayaraq, anlayıram ki, həyat davam edir. Yaşadıqca ata-anamızdan aldığımız dəyərləri, sevgini və öyrətdiklərini yaşatmalı olduğumuzu dərk edirəm. İnanıram ki, onlar haradadırlarsa, oradan bizi izləyirlər.
Ümid edirəm, övladlarının atdığı hər uğurlu addımdan, qazandıqları hər qələbədən sevinir və fəxr edirlər.
- İncəsənətlə məşğul olan bir sənətkar kimi doğum gününüzdə tamaşaçı və pərəstişkar sevgisini necə dəyərləndirirsiniz?
- Mən incəsənətlə məşğul olmamışam, onu yaşamışam, onunla nəfəs almışam. Sənət mənim üçün sadəcə bir məşğuliyyət, peşə və ya səhnə fəaliyyəti olmayıb. Bu, mənim həyatımın, varlığımın ayrılmaz hissəsinə çevrilib.
Amma son vaxtlar hiss etdim ki, sənət artıq mənim üçün məşğuliyyət olmağa başlayıb. Bu isə mənim daxili həqiqətimlə uyğun gəlmir. Məhz buna görə sənətdən, KVN-dən, kinodan uzaqlaşmaq qərarına gəldim. Hətta böyük rejissorların iş təkliflərinə də razılıq vermədim. Çünki kamera yalan danışan aktyoru sevmir. Mən isə tamaşaçımı aldatmaq istəmədim.
Müslüm Maqomayevin bir kəlamını xatırlayıram: “Səhnəni tez tərk etmək lazımdır, nəinki beş dəqiqə gec getmək..." Bu illər ərzində mənimlə olan bütün tamaşaçılara dərin təşəkkürümü bildirirəm. Eyni zamanda mənə güvənən rejissorlara, prodüserlərə və üzərimdə zəhməti olan hər kəsə səmimi qəlbdən minnətdaram. Artıq mən sənətlə məşğul olmaq istəmirəm.
Sənətin adından istifadə edib yalan danışmayacam. Bu mənim şəxsi qərarımdır.
- Necə düşü dünürsünüz, uzun müddət fəaliyyət göstərdiyiniz “Planet Parni İz Baku"ya əvvəlki kimi tamaşaçı marağı varmı? Və ya yenidən orada davam etmək istərsinizmi?
- Mən artıq teatrdan uzaqlaşmışam. Bir hadisə danışım. İtalyan kinorejissoru Federiko Fellini və dramaturq Tonino Querra Roma küçələrində gəzirlərmiş. Yolda gedərkən Fellininin "Amarkord" filminin afişasını görürlər. Tonino Querra Felliniyə filmə baxmağı təklif edir. Federiko qısa və qərarlı cavab verir ki, getmirəm.
Querranın isrardan sonra Fellini onunla razılaşır və kinoteatra daxil olurlar. Görürlər, 300 nəfərlik zalda cəmi 3 nəfər əyləşib. Querra heyrətlə soruşur, axı, niyə belədir?!. Fellini cavab verir ki, artıq mənim artıq tamaşaçım yoxdur, mənim tamaşaçım ölüb.
Mənim də tamaşaçım, yəni əsl tamaşaçım 90-cı illərdə idi. 2000-ci ilə qədər mənə o maraq, o baxış, o münasibət vardı. Təəssüf ki, tamaşaçılarımın çoxu dünyasını dəyişdi, bəzilərinə isə mən maraqlı deyiləm. Artıq zarafat etmək, əvvəlki kimi səhnəyə çıxmaq mənim yaşıma uyğun gəlmir. Təbiətim də buna icazə vermir.
- "Planet Parni iz Baku" həm yumor, həm də sosial-ictimai mesajlar yer alır. Sizcə, yumor cəmiyyətin düşüncəsinə təsir göstərmək üçün nə qədər güclü vasitədir?
- Əvvəllər tez-tez deyirdilər ki, teatr həyatımızın güzgüsüdür, insanları tərbiyə edir və sair bu kimi fikirlər... Ola bilər, bu düşüncələr sovet dövründə müəyyən mənada əhəmiyyətli və təsirli idi. O zamanlar teatrın, ədəbiyyatın cəmiyyətə təsir gücü daha çox görünürdü. Amma Qurani-Kərimi oxuduqdan sonra bir həqiqəti daha aydın dərk etdim: insanın dəyişməsi üçün bunu ilk növbədə özü istəməlidir. Quranda belə bir hikmətli deyim var: "Allah bir toplumun halını onlar özlərini dəyişmədikcə dəyişməz".
Bu mənada nə teatr, nə ədəbiyyat, nə də kənardan verilən minlərlə məsləhət insanı kökündən dəyişə bilər... Əgər insanın daxilində bir dönüş arzusu yoxdursa, heç bir sənət, fikir və ya nümunəvi həyat tərzi ona təsir etməyəcək. Dəyişmək istəyi insanın içindən gəlməlidir.
- Son illərə tamaşaçıların zövq və tələblərində, doğrudan da, dəyişikliklər müşahidə olunur. Deməli, siz bu dəyişikliyə uyğunlaşa bilmədiz?
- Mən uyğunlaşa bilmədim... Ona görə də sənətdən, teatrdan uzaqlaşdım. Vaxtilə həyatımın mərkəzində olan sahələr artıq məndən uzaqdadır. Daxilimdə baş verən dəyişikliklər təkcə düşüncələrimə yox, həyat tərzimə də təsir göstərdi.
İnstaqram səhifəmin konsepsiyasını da tamamilə dəyişdim. Artıq orada yumor, əyləncə yoxdur. Onların yerini dərin düşüncələr, fəlsəfi yazılar, hekayələr və esselər tutub. Bu da təbii ki, izləyici sayına təsir edir, onların sayı günbəgün azalır.
Mən isə bundan narahat deyiləm. Çünki hər kəs intellektual ola bilməz. Hər kəsə də düşündürən mövzular maraqlı gəlməli deyil.
Bəzən elə filmlər olur ki, kütlə üçün nəzərdə tutulmur, məsələn, festival filmləri. Mən də istəyirəm ki, sosial media səhifəm festival filminin ruhunu daşısın. Orada olan hər şey yalnız düşünmək, daxilə enmək istəyən, kamillik axtaran insanlar üçün olsun.
- Sonda Azərbaycan gənclərinə, xüsusilə incəsənət sahəsinə maraq göstərənlərə hansı tövsiyələrinizi verərdiniz?
- Tövsiyəm yalnız gənclərədir. Əgər biz qalib xalq olaraq daim irəliləmək, xalqlar birliyində ön sıralarda – ilk onluqda yer almaq istəyiriksə, birinci növbədə mədəniyyətə diqqət etməliyik. Gənclərimiz mədəni olmalı, daxili zənginliyə sahiblənməli, davranış və düşüncələri ilə fərqlənməlidirlər.
İkinci sırada təhsil gəlir. Yüksək təhsil, peşəkar savad, öz üzərində çalışmaq - bunlar vətənpərvərliyin əsas şərtlərindəndir. Əgər bir gənc özünü vətənpərvər hesab edirsə, bilməlidir ki, vətənpərvərlik təkcə şüarla, sözlə deyil, peşəsində peşəkar olmaqla başlayır. İstər həkim ol, istər memar, fərq etməz. Əgər sən öz işində peşəkarsansa, sən mənim üçün ən böyük vətənpərvərsən.
Sonda bir təşəkkürüm var, hər il 4 sentyabr tarixində məni xatırlayırsınız, ad günümü unutmursunuz. Bu mənim üçün çox qiymətlidir. Arzum budur ki, bu ənənə yaşasın və davam etsin. Heç vaxt Allahın yadından çıxmayasınız. O sizi daim qorusun və doğru yolda saxlasın.