BAKI, 4 sentyabr. TELEQRAF
Energetika naziri Pərviz Şahbazov İzmirdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və nümayəndə heyətlərinin iştirakı ilə karbohidrogen və bərpa olunan enerji sahələrində ikitərəfli və regional əhəmiyyətli layihələr üzrə əməkdaşlığın inkişafına dair görüş keçirib.
Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkədə paylaşım edib.
"Türkiyə istiqamətində müxtəlif marşrutlar üzrə elektrik enerjisi ixracı üçün infrastrukturun yaradılması məsələlərini müzakirə etdik. Həmçinin Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə işçi qruplarının məruzələrini dinləyərək əməkdaşlığın növbəti mərhələləri üzrə addımları müəyyənləşdirdik," - nazir əlavə edib.
Qeyd edək ki, bu gün İzmirdə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu fəaliyyətə başlayıb. Forum çərçivəsində iki nazirin həmsədrliyi ilə enerji sektorunda əməkdaşlığın inkişafını nəzərdə tutan Forum Protokolu imzalanacaq.