Xəbər verdiyimiz kimi, məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun "Ailə" serialındakı dublyoru Mehmet Tan serialdan bir görüntü paylaşdığı üçün işdən qovulub.
Ölkə.Az xəbər verir ki, yanğın səhnəsində baş rolun dublyorluğunu edən M.Tana görə K.Tatlıtuğ tənqid edilib.
Sosial şəbəkə istifadəçiləri milyonlar almasına baxmayaraq aktyorun dublyordan istifadə etməsini, həmçinin M.Tanın işdən çıxarılmasına səssiz qalmasını qınayıblar.
Müzakirələrdən sonra K.Tatlıtuğ ilk dəfə sosial şəbəkə hesabında bu mövzuda paylaşım edərək dublyora dəstəyini ifadə edib:
“Rejissordan ssenari müəllifinə, operatordan işıq üzrə texnikə, geyim dizaynerindən səhnə menecerlərinə qədər, dublyorlarımızla nəhəng bir komandayıq. Zamanla yarışırıq, bir həftəyə bir seriyanı tamaşaçıya çatdırmağa çalışırıq. Bu gərgin dövrdə bir neçə dəfə Mehmet Tanla işləmək imkanımız da oldu.
Sosial şəbəkələrdə paylaşılan səhnə Mehmet Tan və digər dublyorların yer aldığı bir iş idi. Onunla kaskadyor şirkəti arasında hüquqi münasibəti bilmədiyim üçün bu məsələyə münasibət bildirməyim düzgün olmazdı. Amma istəməzdim ki, hansısa səhnə işçisi işini itirsin. Bu davam edən vəziyyətlə bağlı Mehmet Tana arzum budur. Gələcək seriallarda və reklam layihələrində onunla və digər dublyor dostlarla yenidən çalışmaq istəyərəm. Sevgilərlə”, - deyə aktyor əlavə edib.
Billurə