Bu günlər dünya ictimaiyətinin gözü Çinə dikilmişdi. Çin Xalq Respublikasının Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında 20-dən çox dünya lideri və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri bir araya gəldilər.
Bu mötəbər Zirvə görüşü, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyinə həsr olunmuş yubiley mərasimi, təşkilat üzvlərinin çıxışları, keçirilən görüşlər və yeni əməkdaşlıq layihələri deməyə əsas verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının siyasi və iqtisadi coğrafiyası daha da genişlənir. "ŞƏT plyus" formatında kecirilən Zirvə toplantısının ən önəmli cəhəti həm də ondan ibarətdir ki, ölkəmizin Çin Xalq Respublikası ilə strateji tərəfdaşlıq əlaqələri bundan sonra da güclənəcək, ölkələrimiz arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli qaydada daha da möhkəmlənəcək.
Qeyd edək ki, ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasının yekunları üzrə qəbul edilmiş Tiencin Bəyannaməsi gələcək üçün olduqca böyük perspektivlər vəd edir. Ümumiyyətlə, ŞƏT Dövlət Başçıları Şurasının iclasında 20 sənəd imzalanıb.
Prezident İlham Əliyevin imzalanan sənədlərin reallaşmasında mövqeyi və səfər çərçivəsində keçirdiyi görüşlər bir daha onu göstərir ki, nəqliyyat-logistika, enerji və iqtisadi aktivliyin yüksək səviyyədə davamı Azərbaycan - Çin münasibətlərində prioritet istiqamətdir. Xüsusilə Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqunla görüş sözügedən aspektlərin müzakirəsi, həmçinin davamlı inkişafın təmini baxımından olduqca gərəklidir.
Prezident İlham Əliyevin tədbirdəki çıxışı mühüm çağırışlarla zəngin olub. "Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır" söyləyən dövlətimizin başçısı bildirib ki, biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikası Sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir. O da xatırladılıb ki, Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Əlaqələrimizin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanması tarixi hadisədir və bu, Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib. Ölkəmiz həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayır.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevlə görüşü zamanı dövlətimizin başçısına onun dəvətini qəbul edərək "ŞƏT plyus" formatında Zirvə toplantısında, eləcə də Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirib.
Bu məqamda Çinin faşizm üzərində qələbəsinin 80 illiyi ilə bağlı bir faktı xatırlamamaq mümkünsüzdür: Şərqdə militarist Yaponiyası üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı müstəsna rol oynayıb. 1945-ci il sentyabrın 2-də ABŞ-nin Sakit okeandakı "Missuri" xətt gəmisində Yaponiyanın təslim olması haqqında aktın imzalanması ilə İkinci Dünya müharibəsi başa çatıb. Müharibənin sona çatmasının 80 illiyi münasibətilə Pekində keçirilən hərbi paradda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı tarixi əhəmiyyət daşımaqla həm tarixi keçmişə, həm İkinci Dünya müharibəsi illərində həlak olmuş azərbaycanlıların ruhuna ehtiramdır, həm də müasir şəraitdə neofaşizmə, neonasizmə və revanşizmə qarşı mübarizədə bərabər olmağın vacibliyini göstərir.
Yeri gəlmişkən xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin illər öncə qəbul etdiyi strateji qərarlar - beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin inkişaf etdirilməsi, ölkəmizin coğrafi üstünlüklərinin səmərəli istifadəsi artıq öz bəhrəsini verir. Azərbaycanın iştirakçısı olduğu yeni dəhlizlər Avrasiyanın yük daşımalarını yönləndirən alternativ yol xəritəsi kimi diqqət çəkir. "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin inkişafı isə Bakının tranzit mərkəz kimi mövqeyini möhkəmləndirir. Bu gün qlobal iqtisadiyyatın xəritəsini dəyişdirən əsas güclərdən biri nəqliyyat və logistika arteriyalarının düzgün idarə edilməsidir. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta dəhliz və Xəzərin qərbində yerləşən ən iri qapılardan biri - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın dünyadakı rolunu yeni səviyyəyə qaldırır.
Digər tərəfdən, Orta dəhlizin strateji çəkisi günbəgün artır. Çindən Avropaya, Avropadan isə Asiyanın dərinliklərinə uzanan yol həm etibarlığı, həm də sürəti ilə seçilir. Yüklərin Çindən Avropaya ən qısa vaxtda çatdırılması artıq reallığa çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu bu marşrut Avrasiya məkanında yeni iqtisadi nəfəsdir. Bu gün Orta dəhliz ölkələrin iqtisadi tərəfdaşlığını gücləndirən, siyasi etimadı möhkəmləndirən strateji körpüdür.
Bütün bu səylərin nəticəsi olaraq Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə rekord səviyyəyə - 378 min tona çatıb. Bu, 2023-cü illə müqayisədə 8 faiz artım deməkdir. İqtisadi dinamika da göstərir ki, Azərbaycan öz tranzit missiyasını uğurla yerinə yetirir. Ötən il Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta dəhlizlə 287 marşrut qatarı yola salınıb.
Görünən odur ki, fəal çoxtərəfli xarici siyasət yürütməsi, beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınması, dünyada artan reytinqi, coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurum üçün vacib tərəfdaşa çevirib. Prezident İlham Əliyevin son illər ŞƏT-in sammitlərində müntəzəm iştirakı da bunu təsdiqləyir.
Rəhman SALMANLI,
"Azərbaycan"