Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində sağlam dünyaya gələn körpənin bir neçə saat sonra ölməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 29-da saat 22:30 radələrində 1990-ci il təvəllüdlü hamilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub:
"Avqustun 30-da saat 06:30 radələrində isə doğuş prosesi baş verib və dölün intranatal ölüm faktı qeydə alınıb".
"Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hadisə ilə bağlı Kürdəmir rayon Prokurorluğu trəfindən araşdırma aparılır.
Xeyrənsə Piriyeva