AZ

UNICEF Qəzzadakı vəziyyəti "mütləq fəlakət" kimi qiymətləndirir

Bölgədə aclığın yayılma riski var

UNICEF-in sözçüsü Tess İnqram Qəzza şəhərində təsdiqlənmiş aclığın yayılması riski barədə xəbərdarlıq edərək, ailələrin uşaqları üçün yemək tapmağa çalışdıqları üçün bölgədəki vəziyyəti "mütləq fəlakət" adlandırıb.

“Anadolu”ya müsahibə verən İnqram fələstinlilərin anklavdakı vəziyyəti, pisləşən aclıq və bunun uşaqlara təsirindən danışıb.

UNICEF nümayəndəsi Qəzza şəhərində artan hərbi hücum təhlükəsinə diqqət çəkib: "İnsanlarla söhbət edəndə deyirlər ki, bu, artıq baş verir. Şəhərin şərq və şimal bölgələrində intensiv hücumlar olur. Sakinlər bu ərazilərdən qərbə, sahilə qaçır, orada sahil boyu getdikcə daha çox çadırlar və müvəqqəti sığınacaqlar görünür. Söhbət etdiyim xəstəxana direktorları dedilər ki, son günlər rayonda yanıq və digər xəsarət alanların sayı artıb. Hücumlar gücləndikcə buradakı ailələr daim qorxu içində yaşayırlar”.

İnqramın sözlərinə görə, bir çox qəzzalı eksklavın cənub bölgələrinə köçməyi düşünür, lakin orada vəziyyət bundan yaxşı deyil: ərzaq, su, yer və çadır çatışmazlığı var və bombardmanlar davam edir. O, Qəzzada təhlükəsiz yer olmadığını vurğulayıb.

İnqram qeyd edib ki, BMT-nin himayə etdiyi Qida Təhlükəsizliyi Təsnifatına (IPC) əsasən, avqustun 22-də Qəzza şəhərində aclıq təsdiqləndikdən sonra vəziyyət yaxşılaşmayıb: "Heç bir şey dəyişməsə, bir neçə həftə ərzində aclıq Qəzzanın mərkəzinə yayıla bilər. Ailələr çarəsiz şəkildə yemək və su axtarır. Mən əllərimi tutub ağlayan valideynlərlə rastlaşdım: "Yemək nə vaxt gələcək? Mənim uşağım o vaxta qədər sağ qalacaqmı?” 

İnqram xatırladıb ki, Qəzzada yardım işçiləri və jurnalistlər çoxdan aclıq barədə həyəcan təbili çalsalar da, heç nə dəyişməyib. Onun sözlərinə görə, qəzzalılar ümidsizdirlər, daha çox çətinliyin gözlədiyini anlayırlar və vəziyyəti dəyişmək üçün hələ kifayət qədər beynəlxalq təzyiq yoxdur. Vəziyyət dəyişməsə, daha çox uşaq aclıqdan ölmək riski ilə üzləşəcək.

İnqram bu həftə Qəzza şəhərində bir sıra qida çatışmazlığı klinikalarını ziyarət etdiyini və uşaqlar arasında qida çatışmazlığının həddindən artıq yüksək olduğunu söyləyib.

"Ümumi hesablamalara görə, sınaqdan keçirilən uşaqların 15-20 faizi qida çatışmazlığından əziyyət çəkir. Bu, aclıq həddini aşan çox yüksək rəqəmdir. Bu, o deməkdir ki, Qəzza şəhərində və bölgənin digər hissələrində minlərlə uşağın qida çatışmazlığından müalicəyə ehtiyacı var. 

İnqramın məlumatına görə, Qəzza zolağında 110-dan çox uşaq qida çatışmazlığından ölüb və ölümlərin yarıdan çoxu bu il baş verib.

O qeyd edib ki, bu vəziyyət süni şəkildə yaradılıb və aclıqdan ölümlərin qarşısını almaq olar. UNICEF nümayəndəsi uşaqlar üçün təcili ləvazimatların verilməsinə çağırıb və əhalinin ehtiyaclarını ödəmək üçün hər gün yüzlərlə yük maşınının Qəzzaya humanitar yardımla gəlməsinin lazım olduğunu vurğulayıb ki, bu da hazırda baş vermir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr