AZ

Paytaxt tıxaclarının 5 il “ömrü qalıb”

Xəzərin dayazlaşdığı vaxtda dəniz üzərindən körpünün salınması gerçəkləşə bilərmi? 

Paytaxt Bakı və onun ətraf ərazilərində tıxac problemi artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Yeni tədris ilinin başlanması ilə bu yükün daha da artacağı gözlənilir. Şəhərin demək olar ki, bütün əsas küçə və prospektlərində, xüsusilə səhər və axşam pik saatlarda nəqliyyatın hərəkəti iflic olur.

Mütəxəssislər hesab edir ki, bu vəziyyətin əsas səbəbləri avtomobillərin sayının sürətlə çoxalması, yol infrastrukturunun bu artıma uyğun inkişaf etməməsi, parklanma qaydalarının kütləvi şəkildə pozulması və ictimai nəqliyyatdan istifadənin hələ də istənilən səviyyədə olmamasıdır.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, artıq hökumət səviyyəsində problemin həlli üçün konkret addımlar atılır. Onun Modern.az-a verdiyi açıqlamaya görə, Bakı və ətraf ərazilər üzrə xüsusi “yol xəritəsi” hazırlanıb. Sənəd yolların genişləndirilməsi, yeni alternativ marşrutların açılması, ictimai nəqliyyatın gücləndirilməsi və ağıllı nəqliyyat sistemlərinin tətbiqi kimi tədbirləri özündə birləşdirir.

Ekspert qeyd edir ki, proqramın icrasına başlanılıb və növbəti beş il ərzində görüləcək işlər nəticəsində tıxacların miqyası əhəmiyyətli dərəcədə azaldıla bilər: “Əgər plan ardıcıl və vaxtında reallaşdırılsa, yaxın 5 ildə Bakı küçələrində indiki vəziyyət müşahidə olunmayacaq. Tıxacların mövcudluğu minimal səviyyəyə enəcək”.

Lakin mövcud vəziyyəti nəzərə alanda bəzi vətəndaşlar və ekspertlər təklif olunan layihələrin reallaşmasına skeptik yanaşır. Çünki Bakının sıx məskunlaşmış və dar küçəli mərkəzi hissələrində yolların genişləndirilməsi, yeni magistralların çəkilməsi çox çətin görünür.

Bu baxımdan, son illərdə gündəmə gətirilən, lakin reallaşmayan alternativ ideyalar da var. Məsələn, Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən avtomobil körpüsünün salınması təklifi mütəxəssislər tərəfindən “tıxaclara dərman” hesab edilirdi. Körpü və bərə daşımalarının tətbiqi nəqliyyat yükünü şəhər mərkəzindən kənara yönəldə bilərdi.

Digər bir təklif isə Bayıldan “Neftçilər” prospekti və “Azneft” dairəsi yaxınlığından başlayaraq, Bəhram Gur heykəli ərazisindən keçib Badamdardakı avtomobil bazarına qədər uzanacaq tunelin inşası idi. Bu ideya bir müddət gündəmdə qalsa da, sonradan unuduldu. Halbuki həmin tunelin tikilməsi şəhər mərkəzindən kənara çıxışı xeyli asanlaşdıra bilər və hərəkət sıxlığını azalda bilərdi. 

Əslində Bakıda tıxacların tamamilə aradan qaldırılması real görünmür. Lakin problemin miqyasını azaltmaq mümkündür. Bunun üçün həm iri infrastruktur layihələrinin həyata keçirilməsi, həm də ictimai nəqliyyata marağın artırılması vacibdir. Əks halda, hazırkı vəziyyət təkcə sürücülərin əsəblərini yox, həm də ölkə iqtisadiyyatını böyük ziyana uğratmağa davam edəcək.

Velosiped

Elməddin Muradlı 

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yeni metro stansiyalarının salınması, avtobusların sayının artırılması və yeni yol infrastrukturunun çəkilməsi məsələsi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Onun sözlərinə görə, sözügedən layihələr Bakının Baş planında da göstərilib: “Bu işlərin icrasına artıq başlanılıb. Ona görə də əminliklə deyə bilərəm ki, problemlər zamanla öz həllini tapacaq. Lakin çox qısa zamanda bunu gözləyə bilmərik. Bakının rahat nəfəs alacaq dövrünü təxminən 2040-cı ildən sonra görmək mümkün olacaq. Lakin ona qədər bu istiqamətdə nə qədər iş görülsə, hamısının öz faydası olacaq.  Amma bu işləri sistemli şəkildə etmək lazımdır. Sistemsiz şəkildə hansısa bir layihə edilərsə və o digər layihə ilə tamamlanmarsa, bunun effekti olmayacaq”.

Ekspert qeyd edir ki, yollarla bağlı dövlət proqramı böyük investisiya tələb edir. Onun icrası yaxın illərdə yekunlaşa bilməz: “Layihənin artıq birinci mərhələsi başlayıb. Yeni yolların, tunellərin salınması və mövcud yol şəbəkəsinin genişləndirilməsi, metro infrastrukturunun gücləndirilməsi işləri həyata keçiriləcək. Metro stansiyalarının sayı 28-dən 50-yə çatdırılacaq. Proqrama nəzər salsaq, hətta 60-dan çox metrostansiya Bakını sıxlıqdan xilas edə biləcək. Təbii ki, bu, zaman alacaq. Metro tikintisi asan məsələ deyil, 5 il ərzində hələlik bunlardan 10 stansiyanın salınması nəzərdə tutulur.  "Dərnəgül", “28 May”, “Sahil” metrostansiyalarının ətrafında və Ağ Şəhərdə yeni stansiyaların tikintisinə artıq başlanılır, layihələndirmə işləri aparılır". 

E.Muradlı dəniz üzərindən körpünün salınmasının arzuolunan layihə olduğunu bildirib: “Dənizin geri çəkildiyi bir dövrdə bu işi daha rahat şəkildə etmək olar. Bir çox ölkələrdə bu layihələr icra olunur. Qardaş Türkiyədə də körpü təcrübəsi var. Düşünürəm ki, türkiyəli mühəndislər layihəni daha təhlükəsiz şəkildə icra edə bilər. Lakin nədənsə bu layihəyə maraq yoxdur. Halbuki körpü Bakı üçün həm də estetik görünə bilər. Düşünürəm ki, Dövlət Bayrağı Meydanının və ya Bibiheybət məscidinin yanından körpü salmaqla onu Zığ, Əhmədli və yaxud da ən yaxşı halda "Ağ şəhər" lə əlaqələndirmək olar. Həm estetik, həm də nəqliyyat təhlükəsizliyi baxımından gözəl olar. Doğrudur, Xəzər dənizindəki tektonik vəziyyəti nəzərə alıb, narahatlıq keçirirlər. Amma nəzərə alaq ki, zəlzələ ocaqlarında hündürmərtəbəli binalar da tikilir. Biz niyə sovet şinelindən, köhnə fikirlərdən əl çəkə bilmirik?!

Badamdardakı avtomobil bazarına qədər uzanacaq tunelin inşası isə real məsələ deyil. Elə bir tunelin tikintisinə ehtiyac yoxdur.  Hazırda nəzərdə tutulan bir layihə var - Badamdar üzərindən yeni bir yolun salınmasını nəzərdə tutur. Şəhərin cənub qapısından gələn maşınları Badamdardan kənar dairəvi yola yönləndirəcək. Bunun üçün “20-ci sahə”də söküntü işləri aparılacaq və yeni yol çəkiləcək. 

Bizim ən böyük problemimiz odur ki, kənar dairəvi yolları yarımçıq qoyublar, onları bərpa etmək lazımdır. Bu yollar Bakıda bir halqa kimi dövrə vurmalıdır. “Lökbatan dairəsi”ndən kənar dairəvi yola çıxdıqda plana uyğun olaraq yolun Sabunçuya, Maştağaya giriş imkanı olmalıdır. Lakin bu yol Şamaxinka adlanan ərazidə qırılır və Ziya Bünyadov prospektinə qoşulmaq mümkünsüz olur. Halbuki bu prospektə maneəsiz daxil olsan, yolu tıxacsız və rahat gedə bilərsən. Əksinə, “20 Yanvar” və “3-cü mikrorayon dairəsi”nin sıxlığına düşürsən. Bu, biabırçılıqdır.  Ziya Bünyadov prospekti “20 Yanvar” dairəsində niyə bitməlidir və orada bir xaos yaşanmalıdır?! Dairə “20 Yanvar” və Alatava qəsəbəsinin üzərindən kənar dairəvi yola birləşməlidir. Lənkərana gedən adamı “20 Yanvar”a çatanda Quba istiqamətinə göndərirlər. Belə yol çəkilər?!" 

Ekspert bildirir ki, yolların genişləndirilməsi şəhər içindən çox digər ərazilərdə  nəzərdə tutulur: “Məsələn, "Xırdalan dairəsi"nə giriş iki zolaqdan ibarətdir, o da heç tam deyil. Ola bilsin ki, orada genişləndirmə işi aparıb başqa mexanizm tətbiq etməklə problemi həll etmək olar. “Xırdalan dairəsi”ni genişləndirib 4 zolaq etmişdilər, lakin başa düşmədilər ki, problem dairəyə girişdədir. 

“Yusif Səfərov” küçəsində 5,  “Heydər Əliyev” prospektində isə 1 zolaq var. Belə iş olar?!"

Seçilən
0
1
ekologiya.az

2Mənbələr