Venesuela parlamentarisi Gilberto Ximenez ABŞ-nin Venesueladan gəldiyi iddia edilən narkotiklərlə dolu gəminin hərbçilər tərəfindən məhv edilməsi ilə bağlı bəyanatlarının doğruluğuna şübhə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə ''RİA Novosti''yə şərhində bildirib .
"ABŞ başqa ölkələrə hərbi müdaxilə edəndə bunu adətən "yalançı bəhanələrlə" edir. Qəribədir ki, narkotik alverçiləri ABŞ qüvvələrinin fəal olduğu Karib dənizi vasitəsilə yük daşıyacaqlar", - deputat qeyd edib.
O, bu hadisənin Liviya və İraqdan nümunə götürərək Venesuelaya qarşı təcavüzə haqq qazandırmaq üçün uydurula biləcəyini istisna etməyib.
Ximenez vurğulayıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəni digər ölkələrin sahillərində ABŞ Hərbi Dəniz Qüvvələri yox, suveren dövlətlər həyata keçirməlidir. BMT-nin məlumatına görə, Venesuela narkotik istehsal etmir və onların dövriyyəsinin 86%-i Sakit okean regionuna düşür.