İngiltərənin “Mançester Siti” klubunun isveçrəli mərkəz müdafiəçisi Manuel Akanci bundan sonra “İnter”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
Milan təmsilçisi 30 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb. Bunun üçün “Mançester Siti”yə 1 milyon avro ödəmiş “İnter”, gələn yay Akancinin transfer hüquqlarını almaq imkanına da malikdir.
Manuel Akanji “Vintertur”un yetirməsidir. İsveçrədə “Bazel”in də formasını geyinmiş futbolçu 2018-ci ildə 21,5 milyon avro müqabilində Dortmund “Borussiya”sına keçib. “Mançester Siti” isə onu 2022-ci ilin yayında 20 milyon avro qarşılığında heyətinə qatmışdı. Təcrübəli futbolçu “şəhərlilər”in heyətində 136 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Mərkəz müdafiəçisi 2017-ci ildə debüt etdiyi İsveçrə yığmasında 71 matça çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
“İnter”də ayrılıq da reallaşıb. İranlı hücumçu Mehdi Taremi Yunanıstanın “Olimpiakos” klubuna keçib. Milan klubu bu satışdan 2 milyon avro qazanıb. Taremi isə yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Mərkəz hücumçusu olan Mehdi Taremi “İrancavan” klubunun məzunudur. Bir müddət “Şahin Buşəhr” klubunda çıxış etmiş Taremi, ardınca futbolçu karyerasına azacıq fasilə verib. Daha sonra Taremi futbola qayıdıb və “İrancavan”, “Persepolis”, “Əl-Qarafa” (Ər-Rayyan, Qətər), “Rio Ave” və “Portu”da çıxış edib.
“İnter” Taremini 2024-cü ilin iyulunda “Portu”dan azad agent qismində öz heyətinə qatmışdı. İranlı futbolçunun İtaliya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. Taremi “İnter”in heyətində keçirdiyi 43 oyunda 3 qol və 9 assistlə yadda qalıb.
Mehdi Taremi 2015-ci ilin iyununda debüt etdiyi İran yığmasının heyətində 95 oyun keçirib, 54 qol vurub, 24 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı iranlı mərkəz hücumçusunun transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.