AZ

Kişi keçmiş arvadını südü ondan xəbərsiz istifadə etdiyinə görə döydü - HÖKM

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Hacı Dadaşovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Hacı Dadaşovun aylıq əməkhaqqının 5 faizi dövlət nəfinə tutulmaqla 3 ay müddətində islah işləri cəzasına məhkum edilib.


İttihama görə, təqsirləndirilən Hacı Dadaşov bu il keçmiş arvadı, zərərçəkmiş Aygün Fərəcova (adı, soyadı şərtidir) ilə birgə yaşadığı Şahbuz rayonundakı evin zirzəmisinə gələrək, onun iri-buynuzlu heyvanlarının südündən xəbərsiz istifadə etdiyini bildirib. Zərərçəkmiş isə həmin südü pendir hazırlamaq üçün istifadə etdiyini deyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.


Mübahisə zamanı təqsirləndirilən şəxs əsəbiləşərək əvvəlcə ayaqqabısının tayı ilə qadının göz nahiyəsinə zərbə endirib, daha sonra isə evin həyətində və küçədə daşla onun kürək və qol nahiyəsinə vurub. Tibbi rəyə əsasən, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri hesab olunub.


Hadisədən sonra Hacı Dadaşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 3 Sentyabr 2025, 09:39   
Seçilən
32
pravda.az

1Mənbələr