AZ

İsrail Qəzza şəhərində quru əməliyyatına başladı

Tel-Əviv əməliyyat planlarını ötən ay təsdiqləmişdi...

Poliqon xəbər verir ki, İsrail ordusu Qəzza şəhərində genişmiqyaslı quru əməliyyatına start verib. Bu barədə ABŞ-ın “ABC News” telekanalı məlumat yayıb.

İsrail Müdafiə Ordusunun baş komandanı, general-leytenant Eyəl Zamir çərşənbə axşamı hərbi rəhbərliklə görüşdə açıqlama verib:
“Biz zərbələri artıracaq və gücləndirəcəyik, məhz buna görə sizi bura topladıq. Artıq Qəzza şəhərində quru əməliyyatına başlamışıq”.

Eyni gün İsrailin baş naziri Binyamin Netanyahu da ehtiyatda olan hərbçilərə müraciət edərək, onları dəstək sözləri ilə ruhlandırıb:
“Mən sizə – İsrail ordusunun əsgərlərinə və ehtiyat qüvvələrinə, həmçinin ailələrinizə dərin minnətdarlığımı bildirirəm. Hazırda biz həlledici mərhələnin astanasındayıq. Mən sizə inanıram, sizə güvənirəm və bütün millət sizi qucaqlayır”.

Qeyd edək ki, İsrail hökuməti Qəzzaya quru əməliyyatı planlarını hələ ötən ay təsdiqləmişdi. Son günlər bölgədə aviazərbələrin intensivləşdirilməsi əməliyyatın başlanacağının siqnalı kimi qiymətləndirilirdi.

Ekspertlər hesab edir ki, quru əməliyyatı İsrail-HƏMAS münaqişəsində vəziyyəti kəskin şəkildə gərginləşdirə və böyük itkilərə səbəb ola bilər.

Poliqon.info

 

Seçilən
66
6
poliqon.info

6Mənbələr