Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti dünyanın diqqət mərkəzinə çevrilib. Dünyanın 21 ölkəsinin lideri və 10-dan çox beynəlxalq təşkilatın təmsilçisinin iştirak etdiyi bu toplantı regional və qlobal əməkdaşlıq üçün yeni imkanlar açır.
Sammitdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın artan tranzit rolunu ön plana çəkib. Dövlətimizin başçısı Zəngəzur və Orta dəhlizlərin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, bu marşrutlar təkcə ölkəmizin logistika potensialını genişləndirmir, həm də regionu etibarlı və təhlükəsiz nəqliyyat şəbəkəsinin mərkəzinə çevirir.
Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların təxminən 90 faiz artması Azərbaycanın bu sahədə artan nüfuzunu açıq şəkildə göstərir. Naxçıvanla ölkənin əsas hissəsini birləşdirəcək yeni bağlantının yaradılması isə beynəlxalq ticarət və tranzit imkanlarını daha da gücləndirəcək.
SİA-nın məlumatına görə, mövzu ilə bağlıdanışan ekspertlər vurğulayıblar ki, Zəngəzur dəhlizi yalnız Orta Dəhlizin deyil, həm də Şimal-Cənub dəhlizinin strateji seqmentinə çevrilmək gücünə malikdir və bu, regionun tranzit imkanlarını kökündən dəyişə bilər.
Türkiyəli ekspert Engin Özer AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukrayna müharibəsi ilə birlikdə “Bir kəmər, bir yol” layihəsinin Rusiya istiqaməti faktiki olaraq dayanıb və Avropa ilə Çin arasındakı yüklərin böyük hissəsi dəniz marşrutuna yönəlib. Yəməndə və Qırmızı dənizdə yaşanan problemlər isə bu marşrutu daha da əlverişsiz edib.
Ekspertin sözlərinə görə, hazırda Çin mənşəli bir çox gəmilər sığortalanmadığı üçün Avropaya Yəmən və Süveyş əvəzinə Ümid Burnu vasitəsilə hərəkət edir ki, bu da nəqliyyat xərclərini və vaxt itkisini artırır. Alternativ yol kimi nəzərdə tutulan Orta Dəhliz isə Zəngəzur dəhlizinin bağlı qalması səbəbindən müəyyən çətinliklərlə üzləşib.
“Çinin güclü təzyiqləri, Türkiyənin səyləri və ABŞ-ın qətiyyəti göstərir ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu layihə reallaşarsa, uzun illər Azərbaycanın sabitliyini təmin edəcək və ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək”, - deyə Engin Özer vurğulayıb.
Ekspert əlavə edib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə “Bir kəmər, bir yol” layihəsi mahiyyətcə fərqli istiqamətlər daşıyır: biri Hindistan mallarını Avropaya, digəri isə Çin məhsullarını dünya bazarına çıxarmağı hədəfləyir. Azərbaycan isə hər iki layihədə paralel iştirak edərək beynəlxalq arenada balanslı mövqe nümayiş etdirə bilər. “Əgər Bakı bu balansı qoruyub saxlamağı bacararsa, ölkə üçün uzunmüddətli sabitlik və geosiyasi üstünlüklər təmin oluna bilər”, - deyə o əlavə edib.
Engin Özer Ermənistanın Çinə strateji tərəfdaşlıq səviyyəsində yaxınlaşması və Pakistanın İrəvanı tanıması fonunda regionda yeni geosiyasi reallıqlar yaranacağını bildirib. Onun sözlərinə görə, bu şəraitdə Zəngəzur dəhlizinin açılması məsələsi daha da aktuallaşır.
“Azərbaycan diplomatik müstəvidə üzərinə düşən bütün addımları atıb. Bundan sonrakı proses daha çox Ermənistanın və Çinin əməkdaşlığından asılı olacaq. Qeyd etmək lazımdır ki, dəhlizin qorunmasında Amerika şirkətlərinin iştirakı gözlənilmir, bu isə Çinin maraqlarına uyğundur. Yaxın aylarda bu istiqamətdə ciddi müzakirələrin aparılması istisna deyil”, - deyən ekspert fikrini yekunlaşdırıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Çində Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plus” formatında keçirilən görüşdə səsləndirdiyi məqamlara münasibət bildirərək qeyd edib ki, dövlətimizin başçısının çıxışında diqqət xüsusi olaraq Zəngəzur dəhlizinə yönəldilib. “Azərbaycan üzərindən keçərək Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə birləşəcək bu xətt hazırda real və ən səmərəli marşrut kimi dəyərləndirilir. Son illərdə Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 90 faiz artıb. Bu göstərici Azərbaycanın tranzit imkanlarının nə dərəcədə etibarlı və səmərəli olduğunu təsdiqləyir. Yüklər artdıqca ən təhlükəsiz və qısa yol marşrutu kimi Azərbaycan üzərindən keçən Orta Dəhliz ön plana çıxır”, - deyə H.Babaoğlu bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Zəngəzur dəhlizi, sadəcə, regional deyil, həm də qlobal əhəmiyyət daşıyır: “Bu dəhliz həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin mühüm seqmentinə çevrilə bilər. Potensialı böyükdür və yaxın perspektivdə reallığa çevriləcəyi gözlənilir”.
Deputat əlavə edib ki, Şimal-Cənub dəhlizinin tam şəkildə formalaşdırılması üçün 150 kilometrdən çox yeni dəmir yolunun inşası tələb olunur ki, bu da iqtisadi baxımdan səmərəli hesab edilmir. Halbuki, Zəngəzur dəhlizi üzərində cəmi 42 kilometr dəmir yolunun çəkilişi ilə bu məqsədə nail olmaq mümkündür. Bu isə vaxt və iqtisadi baxımdan daha optimal variantdır.
H.Babaoğlu ŞƏT-in ruhuna diqqət çəkərək bildirib ki, təşkilat siyasi ambisiyalardan uzaq, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq platformasıdır. “Necə ki, Şanxay şəhəri Qərb və Şərqi, Şimal və Cənubu birləşdirən qlobal mədəniyyət və ticarət mərkəzidirsə, Azərbaycan da coğrafi mövqeyi ilə eyni funksiyanı təmin edir. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətinin xüsusi vurğulanması ölkəmizin regional və qlobal səviyyədə strateji mövqeyini bir daha nümayiş etdirdi”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, dövlətimizin başçısının Tiencin sammitində səsləndirdiyi fikirlər Azərbaycanın tranzit-logistika siyasətinin strateji prioritetlərini və qlobal əməkdaşlıq vizyonunu aydın şəkildə ortaya qoyur.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, son illərdə Orta Dəhliz üzrə yükdaşımaların 90 faizdən çox artması Azərbaycanın tranzit potensialının yüksələn reallığını göstərir. “Azərbaycan bu marşrutun etibarlı və dayanıqlı hissəsinə çevrilib. Bu, ölkəmizə həm iqtisadi dividendlər qazandırır, həm də beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir”, - deyə ekspert vurğulayıb.
O əlavə edib ki, ŞƏT platforması qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı gücləndirən bir mühitdir: “Tiencin sammitində Azərbaycan Prezidentinin çıxışı regional əməkdaşlığın yeni mərhələsinə təkan verəcək. Azərbaycanın strateji coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturuna qoyduğu sərmayələr ölkəmizi beynəlxalq daşımaların aparıcı iştirakçısına çevirir”.
Ekspertin sözlərinə görə, yaxın perspektivdə Zəngəzur dəhlizinin tam reallaşması həm region ölkələrinin iqtisadi əlaqələrini möhkəmləndirəcək, həm də Avrasiya məkanında inteqrasiyanın dərinləşməsinə xidmət edəcək.