Rusiya Prezidenti Vladimir Putin Pekində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşü zamanı onu noyabrda Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində hökumət başçıları səviyyəsində keçiriləcək tədbirdə iştirak etmək üçün Moskvaya səfərə dəvət edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Putin Pakistanın Rusiyanın Asiyada ənənəvi tərəfdaşı olduğunu vurğulayıb və ticarət dövriyyəsinin bir qədər azalmasına baxmayaraq, ölkələr arasında əməkdaşlığın intensivləşdirilməsi imkanının olduğunu qeyd edib.V.Putin daşqınlar və digər fəlakətlərlə əlaqədar Pakistan xalqına başsağlığı verib, eləcə də Moskva ilə İslamabadın parlamentlərarası xətlə və beynəlxalq məkanlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında qarşılıqlı fəaliyyətini qeyd edib.
Pakistanın Baş naziri Rusiya Prezidentinə dəvətə və dəstəyə görə təşəkkür edib. Ş.Şərif ikitərəfli ticarətin, o cümlədən Rusiya neftinin idxalı hesabına artdığını qeyd edib və ticarət-iqtisadi əlaqələri gücləndirmək əzmində olduğunu bildirib. O, iki ölkənin nümayəndə heyətlərinin səfərlərini və kənd təsərrüfatı, metallurgiya, nəqliyyat sahələrində əməkdaşlığın inkişafına, o cümlədən Belarusdan Rusiya, Mərkəzi Asiya və Əfqanıstandan keçməklə Pakistana nəqliyyat dəhlizi layihəsinə dair imzalanmış protokolları xatırladıb.
Ş.Şərif ikitərəfli münasibətlərin möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb.