İngiltərənin “Mançester Yunayted” klubunun braziliyalı hücumçusu Antoni Premyer Liqa təmsilçisindən ayrılaraq “Betis”ə keçib.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
La Liqa təmsilçisi bu transfer üçün “Mançester Yunayted”ə 22 milyon avro ödəyib. 25 yaşlı cinah hücumçusu “Betis”lə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.
Xatırladaq ki, Antoni ötən mövsümün ikinci yarısında icarə əsasında məhz “Betis”də çıxış edib. Bu müddət ərzində o, 26 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Antoni “San Paulo”nun yetirməsidir. Braziliyalı hücumçu 2022-ci ilin avqust ayında “Ayaks”dan 95 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə keçmişdi. Onunn “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Antoninin “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi 96 oyun, 12 qol və 5 məhsuldar ötürmədən ibarətdir. O, “qırmızı şeytanlar”la İngiltərə Kubokunun (2024) və İngiltərə Liqa Kubokunun (2023) qalibi olub.
Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Antoni “selesao” ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Amrabat da “Betis”ə üz tutdu
Yeri gəlmişkən, “Betis” Türkiyənin “Fənərbağça” klubunun və Mərakeş yığmasının dayaq yarımmüdafiəçisi Sofyan Amrabatı da heyətinə qatıb. İspaniya klubu 29 yaşlı futbolçunu 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb.
Sofyan Amrabat “Utrext”in yetirməsidir. O, 2014-cü ildə Utrext akademiyasını bitirdikdən sonra 2014/2015 mövsümündə Erediviziyada 4 oyun keçirib və Erik Ten Haqın baş məşqçi vəzifəsinə gəlişindən sonra əsas komandanın oyunçusuna çevrilib. Amrabat “Utrext”dən “Feyenoord”a, oradan isə “Brügge”yə keçib. Ardınca o, İtaliyaya – “Verona”ya icarəyə yollanıb, buradan isə 2020-ci ilin yanvarında 19,5 milyon avro qarşılığında “Fiorentina”ya keçib. Amrabat Florensiya komandasında 107 oyun keçirib, 1 qol və eyni sayda məhsuldar ötürmə verib. Bir mövsüm “Mançester Yunayted”də də icarədə olmuş futbolçu “Fənərbağça”ya ötən ilin yayında icarə müqaviləsi əsasında qoşulmuşdu. Türkiyə klubu bir illik icarəsi üçün 2 milyon avro ödədiyi futbolçunun transfer hüquqlarını almaq üçün də 12 milyon avro vermişdi. Amrabat “Fənərbağça”nın heyətində 45 oyuna çıxıb, 3 qol və 4 assist müəllifi olub.
Sofyan Amrabat 2017-ci ilin mart ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 66 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib. O, komandasının fəxri 4-cü yeri tutduğu 2022-ci ildə keçirilmiş Qətər mündialında iştirak edib.
“Transfermarkt” internet-portalı 29 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.
