AZ

İşçi Qrupunun sədri: Hindistan peşman olacaq!

Avqustun 31-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci liderlər sammiti keçirilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. İclasın ikinci günündə Azərbaycanın təşkilata tam üzv olması Hindistan tərəfindən bloklanıb. Dövlət başçısı Pakistan Baş naziri Şahbaz Şəriflə görüşü zamanı Hindistanın Azərbaycandan Pakistanla qardaşlıq əlaqələrinə görə beynəlxalq platformalarda qisas aldığını, lakin qardaşlıq əlaqələrinin Azərbaycan üçün daha vacib olduğunu vurğulayıb.

Milli Məclisin Azərbaycan-Hindistan Parlamentlərası İşçi Qrupunun sədri Zaur Şükürov Modern.az-a bildirib ki, ŞƏT-də 21 ölkə liderinin iştirakı ilə baş tutan növbəti Sammit qarşıdan gələn dövr üçün hədəflərinin müəyyən olunması, həmçinin tədbirdə iştirak edən dövlətlərin regional və qlobal çağırışlarla bağlı mövqelərinin bəyan edilməsi baxımından yadda qalıb:

"Eyni zamanda, ŞƏT-də üzv, müşahidəçi və dialoq tərəfdaşı statusunda olan ölkələr ikitərəfli təmas fürsətindən yararlanaraq, gündəlikdə duran məsələlərin nəzərdən keçirilməsi imkanı əldə etdilər.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti, ÇXR-in Sədri, Türkiyə Respublikasının Prezidenti, Pakistan İslam Respublikasının Baş naziri, Maldiv Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri, ÇXR-in investisiya, telekomunikasiya, rəqəmsal texnologiya və iqtisadiyyat, nəqliyyat, alternativ və bərpaolunan enerji, neft-kimya sənayesi sahələrində ixtisaslaşmış nüfuzlu bank və şirkətlərinin rəhbərləri ilə görüşüb, habelə “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak və çıxış edib.

ÇXR-nin lideri ilə görüş zamanı iki ölkə arasında ticari-iqtisadi, bərpaolunan enerji, rəqəmsallaşma və digər qarşılıqlı maraq doğuran sahələrin, habelə “Bir kəmər, bir yol”, Trans-Xəzər marşrutu layihələrinin ehtiva olunduğu hərtərəfli strateji tərəfdaşlıq müstəvisində əlaqələrin inkişaf dinamikasından məmnunluq ifadə edilib. Görüş zamanı ÇXR-nin Sədri Si Cinpin ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini, Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu vurğulayaraq, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəklədiyini diqqətə çatdırıb. Xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyevin cari ilin 22-24 aprel tarixlərində ÇXR-ə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın 16-cı maddəsində Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasının ÇXR tərəfindən dəstəkləndiyi bəyan olunur.

Qeyd edildiyi kimi, hazırda ŞƏT-də siyasi-iqtisadi baxımından əsas dövlət olan Çinin bu mövqeyi Azərbaycanla təşkilat arasında gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar vəd edir".

İşçi Qrupunun sədri onu da qeyd edib ki, bütün bunlarla yanaşı, ŞƏT-in üzvü olan Hindistanın bu təşkilatın inkişafı, digər ölkələrlə əməkdaşlığın genişləndirilməsi və nüfuzlu bir güc mərkəzinə çevrilməsi üçün zəruri addımlar atmaq əvəzinə, qərəzli yanaşma sərgiləyərək, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığına məqsədli şəkildə mane olmağa çalışması təəssüf doğurur:

"Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşü zamanı bununla bağlı fikirlərini səsləndirərək, qeyd edib ki, Azərbaycan-Pakistan əlaqələri qardaşlığa əsaslanır və ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq, Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır, lakin bu, ölkəmiz üçün heç bir əhəmiyyət daşımır və Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Heç şübhəsiz, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, regionda sülh və sabitlik üçün geniş imkanlar açması, uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmiş Ermənistan üçün də dolayısı ilə fürsət yaradıb. Bu xüsusda son dövrlər, Ermənistanla davamlı olaraq hərbi-texniki sahədə əməkdaşlığı genişləndirən Hindistanın Azərbaycana münasibətdə belə bir mövqe sərgiləməsi ədalətsiz və qəbuledilməz yanaşmadır.

Ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə müstəqil və prinsipial xarici siyasət kursu yürüdür və davamlı olaraq, beynəlxalq münasibətlərdə BMT-nin nizamnaməsini, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərini əsas götürərək, qarşlıqlı hörmət və ədalətə söykənən münasibətlər qurmaqda maraqlı olub. Bu xüsusda, cari ilin mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı səsləndirdiyi fikirlərə istinadən qeyd etmək istərdim ki, “Azərbaycan xalqı əldə etdiyi Zəfərlə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.

Seçilən
3
3
sabahinfo.az

4Mənbələr