Xəbər verdiyimiz kimi, Samuxun Çobanabdallı kəndində molla videomüraciət çəkərək, ehsab süfrəsində yemək verilmədiyinə görə insanların yasa az gəlməsindən gileylənib.
Bu video sosial şəbəkələrdə rezonans doğurub və insanlar yemək üçün yasa gələnləri qınayıb, onların iştirak etməməsinin daha məqbul olduğunu bildiriblər.
Mövzu ilə bağlı Sitat.info-ya danışan sosioloq Mail Yaqub da bildirib ki, yasa yeməyə görə gəlirlərsə, gəlməsələr yaxşıdır: "Yas mərasimində yemək verməyin əleyhinəyəm. Dinimizdə də belə bir şey yoxdur. Dində bunun tam əksidir, 3 gün müddətində yas olan evə qohum-qonşu yemək gətirir. Yas sahibi camaata qonaqlıq verməməlidir. Bu absurddur, mənasız bir şeydir".
M.Yaqub qeyd edib ki, burada başqa bir məqam da var: "Deyirlər ki, yas yerində yemək veriləndə pul da yığılır. P puldan nə artıq qalırsa, yas sahibi digər xərclərini ödəyir. Bu da düzgün arqument deyil. Ümumiyyətlə, yasda yemək veriləndə yas sahibinin üstünə daha çox güc düşür. Ucqar bir kəndə getmişdim, mənə dedilər ki, mütləq bu barədə efirlərdə danışın. Evdə yas düşür, o tərəfdə dana kəsirlər. Bu bizim müsəlman mədəniyyətinə zidd olan məsələdir. Ona görə yas yeri mərhumu yaxınlarına başsağlığı vermək üçündür. Qəminə şərik olur, bir stəkan çayını içib gedir".
Məğrur,
Sitat.info