AZ

Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın rolu: Ana xətt milli iqtisadiyyatın qorunmasıdır - MÜSAHİBƏ

BAKI, 2 sentyabr. TELEQRAF

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Ziyad Səmədzadə Teleqraf-ın suallaırnı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyad müəllim, qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Şərq ölkələri ilə əməkdaşlığında əsas faktorlar nədən ibarətdir?

- 1993-cü ildə qədim İpək Yolu layihəsinin Brüsseldə keçirilən konfransında Azərbaycanı mən təmsil etmişəm. Ulu Öndər Heydər Əliyev də Brüsseldə qəbul edilmiş bu bəyannaməni Azərbaycan Çin və Şərq ölkələri ilə münasibətlərin inkişafında mühüm sənəd kimi qiymətləndirib. Çünki qədim İpək Yolunun bərpası Azərbaycan üçün daimi kapital, gəlir mənbəyi, siyasi mövqe deməkdir. Qloballaşan dünyada Azərbaycanın strateji mövqeyinin daha da güclənməsində bu amil mühüm rol oynayır.

- Bakı-Pekin əlaqələrinin digər istiqamətlərdə olan proseslərə təsirini necə dəyərləndirirsiniz?

- Azərbaycanla Çin arasında münasibətlərin kökü uzaq keçmişə dayanır. Qədim İpək Yolu dövründən başlayaraq dostluq münasibətləri ilə ölkələrimiz arasında vacib bağlar formalaşıb. Bu mənada, Çinlə Azərbaycan dövləti arasında əlaqələrin inkişafına böyük ümidlər var. Sözsüz ki, indiki əlaqələrin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. 1994-cü ildə Heydər Əliyevin Çinə səfəri, iki ölkə arasında imzalanan çoxsaylı sənədlər bu xüsusda mühüm rol oynayır. Bununla da Azərbaycan-Çin münasibətlərinin formalaşması üçün güclü zəmin yaranıb. 2003-cü ildən sonra isə Prezident İlham Əliyev Çinə bir neçə dəfə səfər edib. Sözsüz ki, bu amillər iki ölkə arasında münasibətlərin inkişafına təkan vermiş olur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyavanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşündə iştirakı ilə bağlı Çinə səfəri, göstərilən yüksək diqqət Bakı ilə Pekin arasında əlaqələrin yeni müstəviyə yüksəldiyinin əyani təzahürüdür.

- Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin perspektivləri nədən ibarətdir? Ölkəmiz bu təşkilatla fəal iş birliyi fonunda nə əldə edə bilər?

- Ölkəmizin bu təşkilatla əməkdaşlığı böyük perspektivlər vəd edir. Bu ilk növbədə qədim İpək Yolunun keçdiyi vacib məkan olaraq Azərbaycanın strateji mövqeyi ilə bağlıdır. Şərqlə Avropa arasında əməkdaşlığın kökündə Azərbaycan dayanır. Bu əməkdaşlığın daha effektiv olması üçün ölkəmiz iri miqyaslı layihələr həyata keçirir. İnfrastruktur layihələri ilə yanaşı, avtomobil, dəmir yolu və digər nəqliyyat növlərinin hərəkəti üçün müasir standartlara cavab verən işlər görülür. Bakı Gəmiqayırma Zavodunun inşası, Ələt İqtisadi Zonasının yaradılması, Bakı Dəniz Limanının yenidən rekontruksiya edilməsi ümumilikdə Şərqdən Avropaya daşınan yüklərin Azərbaycan vasitəsi ilə dünya bazarına çıxarılmasına təminat verir. Orta dəhliz, “Bir kəmər, bir yol” layihəsi ilə bağlı aparılan danışıqlar da Azərbaycanın iqtisadi inkişafına yeni bir təkan olacaq. Ölkəmizin uzun dövr üçün nəqliyyat inkişaf konsepsiyası mövcuddur. Nəqliyyat-inkişaf konsepsiyasının da ana xəttini Azərbaycanın strateji maraqları, milli iqtisadiyyatın qorunması təşkil edir.

Seçilən
10
teleqraf.com

1Mənbələr